“Gəncə işi” üzrə həbsdə olan şəxslərin ailə üzvləri etiraz aksiyası keçirib

“Gəncə işi” üzrə həbsdə olan şəxslərin ailə üzvləri etiraz aksiyası keçirib

Bu gün, mayın 24-də “Gəncə işi” üzrə həbs olunanların ailə üzvləri Azərbaycan Prezident Administrasiyasının binasının qarşısında etiraz aksiyası keçirib. Polis aksiyaya müdaxilə edib, iştirakçıları Prezdent Administrasiyasının binasının qarşısından uzaqlaşdırb, saxlanılan olmayıb.

Aksiya iştirakçıları həbsdə olan övladlarının azad edilməsi tələbləri səsləndiriblər. Onlar övladlarının fotolarını qaldırıb. Bu zaman polislərlə qarşıdurma yaşanıb.

3 iyul 2018-ci ildə Gəncədə şəhərinin o zamankı icra hakimiyyəti başçısı Elmar Vəliyevə sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və cangüdənini yaralayıb.

Bundan sonra iyulun 10-na Gəncə administrasiyasının binası qarşısında etiraz aksiyası təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar baş verib və bu iğtişaşlar zamanı iki polis əməkdaşı qətlə yetirilib. Bunun ardınca dindarların və başqa şəxslərin kütləvi həbsləri başlayıb.

Bu hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Təqsirləndirilən şəxslər 6 ildən 18 ilədək azadlıqdan məhrum edilib. 10-a yaxın adam şərti olaraq azad edilib.

Yunis Səfərov və digər 11 nəfərin məhkəməsi 2020-ci ilin yanvarında başlayıb.