Gəncə hadisələri üzrə ittiham olunan 14 nəfərin barəsində hökm oxunub

Martın 1-də Bakının Sabunçu Rayon Məhkəməsində 2018-ci ilin iyulunda baş vermiş Gəncə hadisələri üzrə ittiham olunan iki qrup üzrə 14 nəfər barəsində hökm oxunub.

Müttəhimlərin yaxınları bildirib ki, Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsinin hakimi Xaqani Səmodov 2018-c il iyulun 10-da Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarşısında baş vermiş iğtişaşların təşkilində ittiham olunan altı nəfərin barəsində hökmü oxuyub.

Məhkəmə Elman Rüstəmov və Nemət Heydərlini 8, Elvin Allahverdiyev, Elvin Nəzərov və Vüqar Xudiyevi 7, Renat Məmmədovu 6 il azadlıqdan məhrum edib.

Onlar Cinayət Məcəlləsinin 220.1-ci maddəsi (kütləvi iğtişaşların təşkili) ilə təqsirli bilinib. Elman Rüstəmov və Nemət Heydərli həm də Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (polisə müqavimət göstərmək) ilə təqsirli bilinib.

Qeyd edək ki, Gəncə hadisələri ilə bağlı proses Bakıda qapalı rejimdə keçirilir. Mətbuat məhkəmə iclasına buraxılmır.

Həmin gün Sabunçu rayon Məhkəməsində başqa prosesdə Gəncə hadisələri üzrə təqsirli bilinən daha 8 nəfərin barəsində hökm oxunub.

E.Quliyev 8, E.Hacıyev 7, C.Əzizov, Q.Nuruzadə, F.Mirzəliyev, S.Rəcəbov, S.Əzizov 6, R.Nuruzadə 5 il azadlıqdan məhrum olunublar. Digər bir neçə qrupun işinə baxılması davam edir.

2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı rəhbəri Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Əslən Gəncədən olan Yunis Səfərov onu və onun cangüdənini yaralayıb.

Bundan sonra iyulun 10-da Gəncə şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirilən etiraz aksiyası zamanı yüksək vəzifəli iki polis zabiti öldürülüb.

Bu insidentlərdən sonra 60-dan çox adam cinayət məsuliyyətinə cəlb edilib. Silahlı müqavimət zəminində 6 nəfərin öldürüldüyü bildirlir.