Gəncə hadisələri ilə bağlı həbs edilənlərin yaxınları işgəncə faktlarının araşdırılmasını tələb edir

Gəncə hadisələri ilə bağlı həbsdə olan şəxslərin bir qrupu

"Siz təsəvvür edirsinizmi 4-5 yaşlı uşağın gözü önündə onun anasını vəhşicəsinə döysünlər?Budurmu hüquq-mühafizə orqanlarının Azərbaycan qadınına, Azərbaycan anasına hörməti? Budurmu insan hüquqlarının qorunması? Düşünə bilərsinizmi, bir atanın qollarını qandalla istilik radiatoruna bağlasınlar və özünü amansızcasına döyməkləri bir tərəfə, 21 yaşlı övladını onun gözü önündə çılpaq soyundurub əl-ayağını skoçla bağlayıb vəhşicəsinə döysünlər, bədəninin müxtəlif yerlərinə cərəyan versinlər, alışqanla ayağının altını, belini yandırsınlar, atanın barmaqlarını məngənə arasına salıb sıxsınlar, yalançı və qurama izahata imza atmadığına görə əllərini kəsik-kəsik etsinlər... Tutulan uşaqlar ilkin olaraq Gəncə şəhər Nizami rayon Polis İdarəsində gətirilmişlər, orada onların ləyaqəti alçalması bir tərəfə, onlarla amansız qəddarlıqla davranaraq `Mingəçevir tokunu verin`, `siz bizim rəisimizi öldürdünüz, biz də sizi ayağımızın altında asfalt edəcəyik` deyilirmiş və bütün koridor boyu uşaqları ayaq altında əzirmişlər, polis idarəsində elə bir işçi qalmamışdır ki, həmin uşaqları təpikləməsin, döyməsin və alçaltmasın. Bir çox tutulan şəxslər söyləyirlər ki, onların saxlandıqları yerlərə “bandotdel”in (Daxili İşlər Nazirliyinin Baş Cinayətkalıqla Mübarizə İdarəsi nəzərdə tutulur-red) maskalı cəlladları sərbəst daxil olub istədikləri kimi hərəkət edə bilirdilər, sanki xüsusi təlim keçmiş həmin maskalı cəlladlar amansızcasına, soyuqqanlıqla və ölümünə onları döyürdülər, müxtəlif işgəncələr verirdilər. Bir çox şəxsləri Bakıya “bandotdel”ə göndərmişlər, orada onlar qaldıqları müddət ərzində davamlı şəkildə olmazın işgəncələrə məruz qalmışlar, elektrik cərəyanı müxtəlif yerlərinə, hətta cinsi orqanlarına verilmişdir. İsgəncələr uşaqların bədənlərinin müxtəlif yerlərində iz qoymuşdur, bunu xüsusi zamazka ilə ört-basdır edərək tutulan şəxsləri Bakı İstintaq Təcridxanasına təhvil verirdilər. Bir çox uşaqlar öz kamera yoldaşlarının qulluğuna möhtac qalmış, onların köməyi ilə qaşıq-qaşıq yemək yedizdirilmiş, təbii ehtiyaclarını ödəmək üçün qollarından tutaraq aparıb-gətizdirilmişlər.”

Gəncə hadisələri ilə bağlı həbsdə olan şəxslərin ailə üzvlərinin müraciəti

Bu barədə Gəncə hadisələri ilə bağlı həbs edilən şəxslərin 98 nəfər ailə üzvünün ölkə rəhbərlərinə müraciətinə istinadən hüquq müdafiəçisi Oqtay Gülalıyev facebook səhifəsində yazıb.

Hüquq müdafiəçisi məhkəmələr tərəfindən işgəncə hallarının araşdırılmadığını, ört-basdır edildiyini bildirir.

SEE ALSO: “Gəncə işi” ilə bağlı dinləmələrdə işgəncələrdən danışılıb

“Hadisədən 9 ay keçməsinə baxmayaraq, almış olduqları xəsarətlərin izləri bir çox uşaqların bədənlərində hələ də qalıbdır: Məmmədov Urfanın əlinin baş barmaqları işləmir, Quliyev Kamalın qulağının pərdəsi zədəlidir, Məhərrəmov Kamalın belində yırtıq əmələ gəlib, Cavadov Asifin qollarında siqaret kötüklərinin yanıq izləri qalıb və sair və ilaxır, övladlarımız fiziki sağlamlığını itirib, keçirtdikləri mənəvi və psixoloji sarsıntılar onların həyatında sağalmaz izlər buraxıb. Övladlarının haqsız tutulmasına və işgəncəyə məruz qalmasına dözməyib bir çox valideynlər sağalmaz xəstəliyə düçar olub, bir ana dünyasını dəyişib digər bir ana intihar etməyə cəhd etmişdir və hazırda doğmalarının daimi nəzarəti altındadır,” müraciətdə qeyd edilir.

Sənəddə məhkəmələrin işgəncə faktları ilə bağlı araşdırma aparması, işgəncə verən vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi tələb edilir.

SEE ALSO: Hüquq müdafiəçisi: Məhbus məhkəmədə komaya düşdü

Öz növbəsində, adları sadalanan hüquq-mühafizə orqanları, vəzifəli şəxslər və digər rəsmi qurumlar sənəddə iddia olunan işgəncə halları ilə bağlı hələ münasibət bildirməyib. Bununla yanaşı, hüquq-mühafizə orqanlarının rəhbərləri, hökumət rəsmiləri bir qayda olaraq işgəncə ilə bağlı deyilənləri təkzib edir. Dövlət rəhbərləri bütün fundamental hüquqların tam bərpa olunduğunu və insanların qarşılaşdığı qanunsuzluqlarla bağlı müvafiq orqanlara şikayət etmələrini məsləhət bilir.

Düşünə bilərsinizmi, bir atanın qollarını qandalla istilik radiatoruna bağlasınlar və özünü amansızcasına döyməkləri bir tərəfə, 21 yaşlı övladını onun gözü önündə çılpaq soyundurub əl-ayağını skoçla bağlayıb vəhşicəsinə döysünlər, bədəninin müxtəlif yerlərinə cərəyan versinlər, alışqanla ayağının altını, belini yandırsınlar...

Bu il martın 1-də Sabunçu Rayon Məhkəməsində Gəncə hadisələri ilə bağlı həbs edilən iki qrupa hökm oxunub. Onlar Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, odlu silahın, partlayıcı maddələrin tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar) maddəsi ilə ittiham ediliblər.

Bəzilərinin əlavə olaraq Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddəsi ilə də təqsirli bilindiyi qeyd olunur.

Birinci qrupda mühakimə olunan 6 şəxsə 6 ildən 8 ilə qədər həbs verilib. İkinci qrupda mühakimə olunan 8 şəxsin isə 5 ildən 8 ilə qədər cəza aldığı qeyd olunur.

Baş Prokurorluq Gəncə hadisələri ilə bağlı ümumilikdə 6 qrupun (51 nəfər) işinin məhkəməyə göndərildiyini açıqlayıb. Baş Prokurorluqda bu il fevralın 7-də keçirilən iclasda qeyd edilib ki, Gəncədə iyulun 3-də icra hakimiyyəti başçısına sui-qəsdlə bağlı 29 nəfər haqqında həbs qətimkan tədbirlərinin seçilməsi təmin edilib. Həmin şəxslərdən 11-nin barəsində beynəlxalq axtarış elan olunub.

Prokurorluq bildirib ki, Gəncədə iyulun 10-da baş verən hadisələr və iki polisin öldürülməsi ilə bağlı isə 59 şəxslə bağlı həbs qətimkan tədbiri seçilib.

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və bir polis serjantına silahlı sui-qəsd olub, onlar güllə yarası alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə orqanları baş verənləri terror hesab edir və iddia edirlər ki, Yunis Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub.

Yunis Səfərov bu iddialarla bağlı münasibətini hələlik ictimaiyyətə açıqlamayıb. Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.

Bu hadisələrlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüb (rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyir).

Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia edib.