Gürcüstanın baş naziri sabiq prezident Saakaşvilinin ölkəyə qayıtdıqdan sonra həbs edildiyini bildirib

Gürcüstanın baş naziri İrakli Qaribaşvili keçmiş prezident Mixeil Saakaşvilinin yerli seçkilər ərəfəsində sürgündən qayıtdığını iddia etməsindən bir neçə saat sonra onun Gürcüstanda həbs edildiyini bildirib.

Baş nazir oktyabrın 1-də keçirdiyi qısa mətbuat konfransında bildirib ki, Saakaşvili həbs olunaraq cəzaçəkmə müəssisəsinə aparılıb. O, detallarla bağlı ətraflı məlumat verməyib.

Sabiq prezident Mixeil Saakaşvili oktyabrın 1-də uzun sürən siyasi böhranın hökm sürdüyü Qafqaz ölkəsindəki həbs təhlükəsinə baxmayaraq, yerli seçkilər ərəfəsində sürgündən Gürcüstana qayıtdığını bildirmişdi.

"Sabahınız xeyir. Səkkiz ildən sonra Gürcüstana qayıtdım" - deyə, o, cümə günü səhər tezdən Facebook səhifəsində yazıb.

Facebook sosial şəbəkəsində paylaşdığı bir videoda "geri qayıtmaq üçün həyatımı və azadlığımı riskə atdım" deyən Saakaşvili, Gürcüstanın Qara dəniz sahilindəki Batumi şəhərində olduğunu əlavə edib.

"Hər kəsi seçkilərə getməyə və Vahid Milli Hərəkata səs verməyə çağırıram", Saakaşvili Gürcüstanda özünün yaratdığı aparıcı müxalifət partiyasına işarə edərək deyib.

O, tərəfdarlarını bazar günü Tbilisinin əsas küçəsində toplaşmağa çağırıb.

Mixeil Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. 53 yaşlı qərbyönümlü islahatçı küçələrdə keçirilən etirazlar dalğası zamanı hakimiyyətə gəlib.

Saakaşvili vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırılaraq Gürcüstan hökuməti tərəfindən axtarışda idi.

O, Gürcüstanı 2013-cü ildə ikinci və son prezidentlik müddəti başa çatdıqdan sonra tərk edib.