Azərbaycanla Tbilisi-Bakı-Tbilisi dəmir yolu marşrutu üzrə sərnişin daşınması Azərbaycanla quru sərhədləri açıldıqdan sonra bərpa ediləcək.
Bu barədə Gürcüstanın Novosti-Qruziya agentliyi Dövlət Dəmir Yolları Şirkətinə istinadən məlumat yayıb.
Məlumatda deyilir ki, Gürcüstan və Azərbaycan dəmir yollarının nümayəndələri artıq məsələni ən qısa müddətdə həll etmək üçün danışıqlar aparır.
Tbilisi ilə Bakı arasında sərnişin qatarlarının hərəkəti koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martından dayandırılıb.
“Azərbaycan vətəndaşlarının turist kimi quru sərhədlərini keçərək yenidən Azərbaycana qayıtmaları qaydalarını sadələşdirmək üçün Azərbaycanla işləyirik. Bu qərarın təxirə salınmayacağına və ənənəvi olaraq Gürcüstandakı azərbaycanlı dostlarımızı qəbul etmək fürsətinin olacağına ümid edirik,” Gürcüstanın iqtisadiyyat nazirl Natia Turnava iyunun 7-də hökumətin iclasından sonra keçirdiyi brifinqdə deyib.
Azərbaycan tərəfi aparılan danışıqlarla bağlı hələ rəsmi məlumat yaymayıb.
Koronavirusun yayılma təhlükəsi səbəbindən Azərbaycan Nazirlər Kabineti yükdaşıma istisna olmaqla, xarici vətəndaşların ölkəyə girişinə qoyulan qadağanı avqustun 1-dək uzadıb.
Bununla yanaşı, Azərbaycan iyunun 10-dan Rusiya və Türkiyə ilə hava əlaqələrini bərpa edəcək. Amma quru sərhədlərinin, o cümlədən Grücüstanla sərhədlərin nə vaxt açılacağı barədə hələ məlumat mövcud deyil.
Gürcüstan isə iyunun 1-dən 2020-ci ilin martından bağlı olan quru sərhədlərini açıb.