Gürcüstan Azərbaycandan dizel yanacağı almağı dayandırır

Gürcüstan Azərbaycandan dizel yanacağın idxalını dayandıracaq. Ölkə dizel yanacağını Rusiyadan alacaq.

Bu məlumat bir neçə gün əvvəl Gürcüstan Neft İdxalçıları Birliyi tərəfindən təşkil olunmuş seminarda elan olunub.

Səbəb kimi 2020-ci ilin yanvarın 1-dən Gürcüstanda "Avro-4" standartlı dizel yanacağına qadağa qoyulması göstərilir. Həmin tarixdən ölkədə yalnız "Avro-5" standartına cavab verən dizel yanacağından istifadə ediləcək.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov 2020-ci ildən Gürcüstanın Azərbaycandan dizel yanacağın idxalın dayandırılacağı barədə xəbəri Turana təsdiqləyib.

Onun sözlərinə görə, Azərbaycandan dizel yanacağının idxalı Gürcüstan hökümətinin qərarı əsasında dayandırılacaq.

"Qeyd edim ki, Azərbaycan tərəfi hələ əvvəlki illərdə dizelin ixracını əhəmiyyətli dərəcədə azaldıb. Bu isə daxili bazarımızda son illərdə müşahidə olunan ciddi tələbat artımı ilə bağlıdır”.

Əhmədov vurğulayıb ki, hazırda SOCAR Gürcüstan ilə yanaşı bir çox digər ölkələrə də, əsasən Aralıq dənizi hövzəsindəki ölkələrə neft məhsulları və dizel yanacağı ixrac edir.

"Mövcud satış şəbəkəmizdən istifadə edərək, biz gələcəkdə sərbəst qalan dizel həcmlərini həmin bazarlara yönləndirməyi və oradakı iştirakımızı artırmağı planlaşdırırıq."

Sonda SOCAR-ın sözçüsü qeyd edib ki, ötən illərin təcrübəsi artıq göstərib ki, həmin bazarlara dizel məhsulumuzun daha böyük həcmlərdə çıxarılması üçün yetərli potensial mövcuddur.

Hazırda Gürcüstan dizel yanacağını ən böyük həcmdə Azərbaycandan idxal edir. Azərbaycandan idxal edilən neft məhsulları rus məhsullardan 15 tetri ucuzdur.