Güneyli siyasi məhbus Yusuf Kari Ərdəbil həbsxanasına köçürülüb

Yusuf Kari

Sentyabrın 3-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən Ərdəbil sakini Yusuf Kari həmin şəhərin həbsxanasına köçürülüb.

HRA xəbər agentliyinin yayımladığı məlumata əsasən, güneyli siyasi məhbus sentyabrın 8-də ailəsi ilə qısa telefon söhbətində Ərdəbil həbsxanasına köçürüldüyünü deyib.

Ərdəbil İnqilab Prokurorluğu hələ dosyenin hazırlanmadığı bəhanəsi ilə zəmanətin qəbul etməsindən imtina edib.


Güneyli türk fəal ailəsinə Ərdəbil həbsxanasından zəng edərək "sistemə qarşı təbliğat" aparmaqla ittiham edildiyi və hal-hazırda Ərdəbil həbsxanasının müvəqqəti saxlama mərkəzində oluğunu bildirib.

"Yusuf Karinin müvəqqəti olaraq sərbəst buraxılması üçün 50 milyon tümənlik zəmanət təyin edilsə də, Ərdəbil İnqilab Prokurorluğu hələ dosyesinin hazırlanmadığı bəhanəsi ilə zəmanətin qəbul etməsindən imtina edib", siyasi məhbusun ailəsinə yaxın bir mənbə bildirib.

Yusuf Kari Ərdəbilin Şəriəti Meydanında təhlükəsizlik qüvvələri tərəfindən tutulub naməlum yerə aparılmışdı.

O həmçini, keçən il bir neçə digər siyasi fəal ilə birlikdə Savalan dağında təşkil edilən mərasimdə saxlanılmış və bir neçə saatdan sonra sərbəst buraxılmışdı.