Güneydə "hər türk şagirdə türkcə bir kitab" kampaniyası dördüncü həftədir davam edir

Bir neçə həftə əvvəl məktəblərin açılışı münasibətilə başladılan “hər türk şagirdə türkcə bir kitab” kampaniyası İran Azərbaycanının müxtəlif şəhərlərinə yayılaraq davam edir.

Sosial mediada paylaşılan xəbərlər və görüntülərə istinadən, kampaniyanın dördüncü həftəsində türk fəallar hazırda Gilan vilayətinin tərkibində olan Astara şəhərinin müxtəlif məhəllələrinin uşaqlarına türk dilində kitablar hədiyə ediblər.

​Keçən həftələrdə Ərdəbil, Xiyav (Meşkinşəhr) və Zəncan kimi şəhərlərdə təşkil olunan kampaniya bölgə əhalisindən əlavə, İranın başqa bölgələrində fəaliyyət göstərən qeyri-fars fəallar və mədəni qrupların da diqqətini cəlb edib.

İranlı mədəni fəallara onlayn təlim institutu kimi ABŞ-da fəaliyyət göstərən Tavaana kampaniyanı belə dəyərləndirib: “Türk fəallar bu kampaniya ilə ana dilinə hörmətlərini göstərməklə bərabər, İrandakı tək dil siyasətinə də etirazlarını bildirirlər.”

Bundan öncə də məktəblərin açılışı, Dünya Ana Dili Günü və Azərbaycan Milli Hökumətinin ildönümü münasibətilə İran Azərbaycanının müxtəlif şəhərlərində oxşar kampaniyalar təşkil olunub.