“Yanvarın 21-də günün ikinci yarısında həyat yoldaşım Əfqan Sadıqov komaya düşüb. Belə ki, o yuxuya gedib və ayılmayıb. Məhbus yoldaşı həkimi çağırıb. Həkim onu aparata qoşub.”
Bu barədə bu gün, yanvarın 25-də 82-ci gündür aclıq etdiyi bildirilən həbsdə olan Azeltv saytının rəhbəri Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə müsahibəsində deyib.
Sadıqovanın sözlərinə görə, aparata qoşulandan sonra həyat yoldaşının komadan ayıldığını deyirlər. Lakin o, deyilənlərə inanmır.
“Mən həyat yoldaşımın hazırda saxlanıldığı Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə zəng etdim, bir məlumat vermədilər. Dedim ki, heç olmazsa həyat yoldaşımın telefonda səsini eşidim, görüm ki, komadan ayılıb. Həkim dedi ki, bu mümkün deyil. Əfqanın ailəsinə zəng etmək vaxtları var. O mənə deyib ki, əgər zəng etmirsə deməli səhhəti buna imkan vermir. İndi nə Əfqan zəng edir, nə onun video görüntüsünü təqdim edirlər, nə də telefonda səsini eşitməyim üçün imkan yaradırlar. Əgər Əfqan komaya düşməyibsə, imkan versinlər bircə kəlmə desin ki, sağdır. Səsini eşidim və inanım ki, doğrudan da komaya düşməyib,” Sadıqova qeyd edib.
Your browser doesn’t support HTML5
Ədliyyə Nazirliynin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov Amerikanın Səsinə deyib ki, müalicə müəssisində komaya düşmən xəstə yoxdur. O, jurnalistin səhhəti ilə bağlı məlumat verəcəyinə söz versə də sonradan bu məlumatı verməyib.
Bu gün, yanvarın 25-də Ombudsman Aparatının Milli Preventiv Qrupunun nümayəndələri Müalicə Müəsissəsində jurnalistlə görüşüb. Preventiv qrupun üzvü Vüqar Heydərov Amerikanın Səsinə müsahibəsində deyib ki, Əfqan Sadıqov komada deyil, anlaqlıdır.
“Ombudsmanın tapşırığına əsasən vəziyyətini hər gün diqqətdə saxlayırıq. Bu gün özü ilə görüşüb söhbət etdik. O sərbəst danışır. Amma özü sərbəst gəzə bilmir, başqa bir şəxsin köməkliyi ilə hərəkət edir. Xeyli arıqlayıb. Sadıqov məhkəmənin işə ədalətli baxmasını istəyir.”
Milli Preventiv Qrupun üzvünün sözlərinə görə, jurnalist aclığı davam etdirir.
“Amma ona sistem vurulur,” o qeyd edib.
Your browser doesn’t support HTML5
Heydərov jurnalistin həyat yoldaşının telefon əlaqəsi saxlanılmaması ilə bağlı iddiası barədə sualın cavabında deyib ki, ombudsmanın nümayəndəsinə verilən məlumata görə, jurnalistin ailəsi ilə telefon danışığına hər hansı məhdudiyyət qoyulmayıb.
“Sadıqovun həyat yoldaşının dediklərini indi araşdırarıq. Çünki, Əfqan Sadıqov da telefon danışığı, ailəsi ilə görüşdə problemlərin olması barədə bizə şikayət etməyib,” o qeyd edib.
Əfqan Sadıqov 2020-ci il mayın 13-də saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.
İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.
Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib.
“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur. Bu səbəbdən aclığa başlayıram. Ədalət bərpa edilməsə aclığın 20-ci günündən sonra quru aclığa keçəcəm,” jurnalist məhkəmədə deyib.
O, həmin vaxtdan saxlanıldığı 1 saylı İstintaq Təcridxanasında aclığa başlayıb. Hazırda jutrnalist Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində həkim nəzarətindədir.
Həyat yoldaşının dediyinə görə, Sadıqov hazırda yeriyə bilmir, 30 kiloqramadək çəki itirib, böyrəklərində problemlər yaranıb, beyninin qanla qidalanmasında çətinliklər var.
Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.
Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.
“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.
Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.
Sadıqovun apellyasiya şikayətinə baxış 2020-ci ilin dekabrında başlayıb və məhkəmə iclası dəfələrlə təxirə salınıb. Bu il yanvarın 21-də Sumqayıt Apellyasiya Məhkəməsindən jurnalistin şikayətinə yanvarın 28-də baxılacağını bildiriblər.