Gülmirə Aslanova: Polad Aslanov aclıq aksiyasını davam etdirir

Your browser doesn’t support HTML5

Hazırda həbsdə olan "Xeberman.com" saytının təsisçisi və redaktoru Polad Aslanov iyulun 12-də koloniyada başlatdığı aclıq aksiyasını davam etdirir.

Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova Amerikanın Səsinə bildirib.

"Dünən Polad evə zəng etməliydi. Ancaq ona bu gün zəng etməyə icazə veriblər. O bildirdi ki, dünən Qırmızı Xaç nümayəndələri ona baş çəkiblər. Onlar aclığı dayandırmağı təkidlə tövsiyə ediblər. Qırmızı Xaç əməkdaşları deyiblər ki, əgər Polad istəsə, başqa koloniyaya köçürülməsinə kömək edə bilərlər. Ancaq Polad bunun heç bir nəticə verməyəcəyini deyib, çünki problem onun cəza çəkdiyi 1 saylı koloniyanın personalında deyil. Başqa koloniyada da eyni şey olacaq və bu, ona qarşı qərəzli münasibət, onun işinin siyasi xarakterilə bağlıdır", - Aslanova deyib.

O qeyd edib ki, aclıq aksiyasının davam etməsinə baxmayaraq, həyat yoldaşı hələ də digər məhbuslardan təcrid olunmayıb.

Onun sözlərinə görə, jurnalist aclığı davam etdirir. O, xarici səfirliklərin – ABŞ, Avropa İttifaqı ölkələrinin əməkdaşlarının ona baş çəkməsini istəyir ki, koloniyadakı vəziyyət, onun hüquqlarının pozulması, "digər məhbusların onun əleyhinə qaldırılması "barədə birbaşa məlumat versin.

Öz növbəsində, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Aslanovun aclıq etdiyi, ona təzyiq göstərildiyi və məhbuslardan pul tələb edildiyi haqqında məlumat həqiqətə uyğun deyil.

“Polad Aslanova qarşı heç bir təzyiq yoxdur. Digər məhbuslardan olduğu kimi ondan da daxili intizam qaydalarına riayət etməsi tələb olunur” - deyə, idarənin nümayəndəsi bildirib.

2019-cu il noyabrın 16-da Xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.

Jurnalist ittihamı qəbul etmir və bunun jurnalist fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.

Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi beynəlxalq hüquq- müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla bağlı ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırıb.