Gürcüstan Kəşfiyyat Xidmətinin rəhbəri Azərbaycanda səfərdədir

Gürcüstan Kəşfiyyat Xidmətinin rəhbəri Azərbaycanda səfərdədir

Azərbaycan və Gürcüstan terrorçuluq, ekstremizm, qanunsuz miqrasiya, regional və beynəlxalq əhəmiyyətli enerji layihələrin təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparıb.

Milli təhlükəsizlik naziri Eldar Mahmudovun dəvəti ilə Gürcüstan Kəşfiyyat Xidmətinin rəhbəri Qela Bejuaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzindən APA Agentliyinə verilən məlumata görə, nazir Eldar Mahmudov səfərin hər iki ölkənin müvafiq strukturları arasında əməkdaşlığın daha da inkişaf etməsinə öz töhfəsini verəcəyini bildirib.

Tərəflər arasında regionda baş verən proseslər, habelə terrorçuluq, ekstremizm, qanunsuz miqrasiya, eləcə də regional və beynəlxalq əhəmiyyətli enerji layihələrin təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb, bu istiqamətdə hər iki ölkənin xüsusi xidmət orqanlarının sıx əməkdaşlığının və qarşılıqlı əlaqədə fəaliyyətinin inkişaf perspektivləri müzakirə olunub.
Cənab Bejuaşvili regional təhlükəsizliyin təmin olunması sahəsində Azərbaycanın xüsusi xidmət orqanları ilə bundan sonra da əməkdaşlığa önəm veriləcəyini diqqətə çatdırıb.