Gürcü üsulu ilə Amerika içkisi [Video]

Your browser doesn’t support HTML5

Torpağa basdırılan böyük gil çanaqlar Gürcüstanda eramızdan əvvəl 6000-cı ildən etibarən çaxır hazırlanması üçün istifadə edilib. Bu barədə məlumat əldə edən amerikalı çaxır istehsalçısı həmin çanaqları Virciniyaya gətizdirərək, yeni üsulla sidr istehsal etməyə başlayıb. Nəticədən hər kəs razı qalıb.

Castle Hill Cider spirtli içkələri yumurta formasında olan Kvevri gürcü gil çanağında hazırlayan ilk Amerika şirkətidir.

Əsrlər boyu Qafqaz regionunda istifadə edilən Kvevri, spirtli içkilər istehsalçısı olan Stüart Madaninin diqqətini cəlb edib. Bu maraq onda avstriyalı filosof Viktor Şaubergerin təbii formaların həyatı qorumaq üçün daha səmərəli olması haqqında fikirlərini oxumasından sonra yarandı. Nəticədə Stüart bu qədim çanaqları almaq qərarı verir.

“Qədimdə Gürcüstanda çaxırı bu yolla hazırladıqlarını öyrənəndə mən Şaubergerin dediyi ilə uyğunluğa heyran oldum. Əlavə olaraq, çaxırın yeddi, səkkiz min il ərzində belə hazırlandığını düşünəndə anlayırsan ki, deməli ən uğurlu forma elə budur.”

O, İnternet vasitəsilə Kvevri istehsalçılarını tapır və 9 gil çanaq sifariş edir. Onlardan yalnız biri yolda qırılır.

Bugün Castle Hill məşhur gürcü üsulu ilə Levity adlanan sidr istehsal edir. Madani deyir ki, bu riskə getməyə dəyərdi.

“Bu fərqli bir hiss əlavə edir. Geniş sayda mikrooranizmlərdən yaranan tamam fərqli bir daddır. İçdiyim heç bir sidr belə dad verməyib. Biz hələ də öyrənirik. Hər il eksperimentlər edirik. Maraqlısı odur ki, eyni məhsullardan istifadə etsək də, hər Kvevridən fərqli dad yaranır.”

Castle Hill mülklərinin əksəriyyətinin 1764-cü ildə əsası qoyulub və Milli Tarixi Məkanlar siyahısına əlavə edilib.

“Mülkin ilkin sahibi Doktor Tomas Uolker ABŞ-ın üçüncü prezidenti Tomas Ceffersonun müəllimi olub.”

Əməliyyatlar direktoru Kreq Mur deyir ki, Castle Hill hal-hazırda ildə 30 alma növündən 7,700 pivə çəlləyi istehsal edir.

“Müxtəlif sidrlərin dadları tam fərqlidir. Sən hər birinin hansı alma növündən gəldiyini, necə istehsal olunduğunu rahatlıqla müəyyən edə bilərsən.”

“Mən “Levity” sidrini çox sevirəm. Bu Kvevri gil çanaqlarında istehsal olunanlardan biridir. Dadı “Prosecco” ağ çaxırına çox bənzəyir. “Levity” birmənalı olaraq mənim ən çox sevdiyimdir.”

Kvevri ilə çaxır hazırlanma üsulu UNESCO tərəfindən tanınıb və Virciniya sidr hekayəsinin bir parçası olmaqla ABŞ-da özünün uğurlu debütunu edib.