Dağlıq Qarabağdakı təmas xəttində silahlı qarşıdurmaların başlamasından sonra İran Azərbaycanında toplumun müxtəlif çevrələrinin Azərbaycan Respublikasına dəstək bildirməsi ardından bir çox siyasətçi, o cümlədən, millət vəkilləri və seçki namizədləri də dəstək bəyanatları yaymağa başlayıb.
Son günlərdə toplumun müxtəlif çevrələri o cümlədən, milli fəallar, sənətçilər, tələbə cəmiyyətləri internet saytlarında və sosial media vasitəsilə eləcə də, şəhərlərdə fərqli münasibətlərlə keçirilən tədbirlərdən istifadə edərək dəstək bəyanatları yayırlar.
Bəzi bəyanatlarda İran İslam Respublikasının Qarabağ məsələsinə dair siyasəti tənqid edilir.
Aralarında islahatçı, mötədil və fundamentalist cərəyanlara mənsub siyasətçilərin olduğu millət vəkilləri və seçki namizədləri də məclis nitqləri və bəyanatlarında “Azərbaycan Respublikası əhalisinin haqlı mübarizəsinə” dəstək verdiklərini açıqlayırlar.
Həmin istiqamətdə Təbrizdə ikinci mərhələ parlament seçkilərinin “islahatçı və mötədil” namizədləri Mir Əliəsgər Əlmusəvi, Abbas Abbaszadə, Zəhra Sa’i və Şəhabəddin Bimiqdar birgə bəyanat yayaraq “Azərbaycan Respublikası əhalisinin öz suverenlik haqqı uğrunda mübarəzisinə” dəstək verdiklərini ifadə ediblər.
İran Azərbaycanı ilə bağlı məlumat yayan veb səhifələr 10-cu dövr parlament seçkilərinin bu yaxında keçiriləcəyinə diqqət çəkərək siyasətçilərin bəyanatlarını onların seçki kampaniyalarının bir hissəsi kimi dəyərləndirirlər.