İntihara cəhd edən üç güneyli işçidən biri mediaya danışıb

Qərbi Azərbaycan vilayətində işdən qovulan bir qrup mədənçi etiraz aksiyası keçirib, üç mədən işçi intihara təşəbbüs edib

Qərbi Azərbaycan vilayətində işdən qovulduqları üçün etiraz aksiyası zamanı intihara təşəbbüs etdikdən sonra İran mediasının gündəminə çıxan üç güneyli işçidən biri mediaya danışıb.

İranın ikinci böyük qızıl mədəni olan Tikantəpənin Ağdərə mədənindən qovulan 350 işçidən bir qrupu dekabrın 27-də etiraz aksiyası keçirərəkən aralarından üç işçi intihara təşəbbüs edib.

Hadisədən sonra xəstəxanaya aparılaraq əməliyyat edilən işçilərdən biri İLNA xəbər agentliyinə müsahibədə belə deyib:

Yoxsul və ucqar bir kənd ailəsinin övladı olaraq mənim üçün işdən qovulmaq ailəmin ac qalması deməkdir. Daha öncə 5 il Tehranda işləmişdim. Mədəndə iş tapdığım zaman ailəmə yaxın ola bildiyimə sevinmişdim.
İntihara təşəbbüs edən işçi

“27 dekabr səhər çağı işdən çıxarılmış bir qrup başqa işçi ilə bərabər mədənin çevrəsində etiraz aksiyasına başladıq. İş verənin etinasız qalmasına görə etirazımız gecə saat 8-ə qədər davam etdi. Bu durumu görüncə bir an həyatıma son verməyə qərar verərək, bir şüşə parçası alıb qarnıma soxdum. Ondan sonrasını xatırlamıram, ayıldığımda özümü xəstəxanada gördüm.”

İLNA muxbirinin yazdığına görə, qarın nahiyəsində əməliyyat keçirən işçi aldığı yaralara görə danışmaqda çətinlik çəkirmiş.

İranın Əmək Nazirliyi işçilərin intihara təşəbbüsünü təkzib edib.

İLNA-ya danışan mədənçi nazirliyin təkzibinə də etirazını bildirib. “Eşitmişəm ki, bəzi məsullar bizim intihara təşəbbüs etdiyimizi təkzib edərək mənim ruhi xəstə olduğumu iddia ediblər. Bu, yalandır. Mənim belə bir xəstəliyim olmayıb,”-deyə o bildirib.

“Yoxsul və ucqar bir kənd ailəsinin övladı olaraq mənim üçün işdən qovulmaq ailəmin ac qalması deməkdir. Daha öncə 5 il Tehranda işləmişdim. Mədəndə iş tapdığım zaman ailəmə yaxın ola bildiyimə sevinmişdim.”

Tikantəpənin Zərşoran və Ağdərə mədənləri İranın ən böyük iki qızıl mədəni olmaqla yanaşı Yaxın Şərqin də ən böyük qızıl mədənləri arasındadır.

Qərbi Azərbaycan vilayətində rəsmi adı Tekab, amma əhalinin Tikantəpə adlandırdığı şəhərin sakinlərinin çoxu Əfşar türklərindən ibarət olduğu üçün bu şəhər “Əfşar Tikantəpə” adı ilə də tanınır.