Novruz bayramı günü günəş tutulacaq

Günəş tutulması

2015-ci ilin ilk tam Günəş tutulması martın 20-si-Novruz bayramında baş verəcək.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA agentliyinə

deyib ki, Novruz bayramına təsadüf edəcək tam Günəş tutulması hadisəsini Azərbaycandan da qismən müşahidə etmək mümkün olacaq.

X.Mikayılov qeyd edib ki, Günəş tutulması martın 20-si saat 11.40-da başlayacaq, saat 15.48-də başa çatacaq.

“Təbiət hadisəsi 4 saat 8 dəqiqə davam edəcək. Günəş tutulması maksimumuna saat 13.44-də çatacaq. Azərbaycandan isə Günəş tutulması 1 saat 30 dəqiqə ərzində müşahidə ediləcək. Belə ki, ölkəmizdən Günəş tutulmasının müşahidə olunması saat 13.46-da başlayacaq, saat 14.30-da maksimumda olacaq, saat 15.18-də isə başa çatacaq. Vətəndaşların Günəş tutulmasını müşahidə edərkən Günəş eynəklərindən istifadə etməsi məsləhətdir".

X.Mikayılov deyib ki, Günəş tutulmasını Şimali Afrika, Şimali Asiya və Avropa ölkələrindən qismən müşahidə etmək mümkün olacaq. Tam tutulma isə İslandiyada, Atlantik okeanının şimal hissəsində və Şimal Buzlu Okeanı hövzəsindən müşahidə ediləcək.

Qeyd edək ki,bu il iki Günəş və iki dəfə Ay tutulması baş verəcək. İlk Ay tutulması aprelin 4-də, növbəti Ay tutulması sentyabrın 28-də, ilk tam Günəş tutulması martın 20-si, növbəti Günəş tutulması isə sentyabrın 13-də qeydə alınacaq.