Türkiyənin ən nüfuzlu universitetlərindən biri olan Bahçeşehir universitetinin tələbəsi Günel Musayeva 106 ölkədən təhsil alan tələbələr arasında universitet birincisi olub və "Qızıl beyin" mükafatına layiq görülüb. İqtisadiyyat, İdarəetmə və Sosial Elmlər fakültəsini bitirən Günel Musayeva Bahçeşehir universiteti ilə tələbə mübadiləsi əsasında təhsilini ABŞ-da Syracuse universitetində davam etdirib. Onun universitet tələbələri qarşısında məzuniyyət çıxışı sosial şəbəkələrdə böyük maraq doğurub. Günel Musayeva qazandığı uğurda roluna görə ailəsinə təşəkkür edib və qələbəsini valideynlərinə və Türkiyə-Azərbaycan qardaşlığına ithaf etdiyini deyib.
Günel Musayeva təhsildə müvəffəq olmaq üçün gənclərə çətinliklərdən qorxmamağı, gərgin işləməyi və vaxtdan səmərəli istifadə etməyi tövsiyə edib. Müvəffəqiyyət formuluna gəldikdə Günel Musayeva bunları söyləyib:
“Sırf bir işlə məşğul olacağam deyə bunu yorucu bir hala gətirməkdənsə, sevərək etməyə çalışmışam. Və məncə mənim uğurumun əsas təməl səbəblərindən biri bu olub ki, zamanımı nəyə ayırmışamsa, oradan maksimum şəkildə fayda götürməyə çalışmışam.”
Günel Musayevanın bacısı Xeyransa Musayeva da Bahçeşehir universitetində təhsilini universitet üçüncüsü olaraq uğurla bitirib. Günel Musayevanın sözlərinə görə, iki bacı hər zaman bir-birinə dayaq olmaqla yanaşı, onlar arasında xoş bir rəqabət də olub.
Gələcək planlarından danışaraq, Günel Musayeva deyib ki, qarşıdan gələn il maliyyə ixtisası üzrə İstanbulda işləməyi planlaşdırır. Təhsillə bağlı o qarşıda doktorantura dərəcəsi almaq kimi planların olduğunu deyib.