Türkiyə ABŞ-a Gülənin həbsi ilə bağlı rəsmən müraciət edib

Türkiyə mediasının bildirdiyinə görə, hökumət çevriliş cəhdində ittiham etdiyi Fətullah Gülənin həbsinə dair ilk dəfə Amerikaya rəsmən müraciət edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikada yaşayan ruhani liderin 270 nəfərin ölümü ilə nəticələnən çevriliş cəhdinin arxasında olduğunu bildirib.

Türkiyə mətbuatının verdiyi məlumata görə, yazılı müraciətdə Gülənin əməliyyatlara əmr verdiyi və komandanlıq etdiyi bildirilir. Türkiyə rəsmiləri bundan əvvəl dəfələrlə qeyri-rəsmi şəkildə Gülənin ekstradisiyasını tələb edib.

1999-cu ildən ABŞ-da yaşayan 75 yaşlı ruhani çevriliş cəhdində əli olduğuna dair ittihamları rədd edir.

Gülənin Türkiyəyə eksradiyasına çalışan Ərdoğan hökuməti eyni zamanda son iki ayda çevriliş cəhdi, ya da Gülənlə bağlı 80 min nəfəri vəzifələrindən uzaqlaşdırıb. Onların əksəriyyəti həbs edib.

ABŞ prezidenti Barak Obama keçən həftə Böyük İyirmiliyin sammitində Ərdoğana deyib ki, onun hökuməti çevriliş cəhdi ilə bağlı istintaq və günahkarların məsuliyyətə cəlb olunmasında lazımi yardımı göstərməyə hazırdır.

Lakin Amerika rəsmiləri bildirir ki, hər bir ekstradisiya tələbi ABŞ-ın məhkəmə sisteminin qərarı ilə həyata keçirilə bilər.