Bakıda GUAM Parlament Assambleyasının iclası olub

Dekabrın 15-də Azərbayacan Milli Məclisində GUAM Parlament Assambleyasının IX iclası keçirilib.

Tədbirdə bir çox ölkələrin və beynəlxalq təşkilatların əməkdaşlıq etmək istədiyi GUAM-ın rolu və nüfuzu haqqında danışılıb.

Milli Məclisin vitse-spikeri Valeh Ələsgərovun sözlərinə görə, GUAM regional təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır.

GUAM Parlament Assambleyasının iclası

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, GUAM üzv ölkələrin əməkdaşlığı üçün mühüm platformaya çevrilib. Onun sözlərinə görə, GUAM həmçinin üzv ölkələrin ərazisində mövcud münaqişələrin nizamlanmasında mühüm rol oynayır.

“GUAM təşkilatı üzv ölkələrin ərazisində münaqişələrin həlli məsələsində səylərin birləşdirilməsi üçün vacib rol oynayır. Belə ki, GUAM-a üzv ölkələr - Ukrayna, Gürcüstan, Azərbaycan və Moldova oxşar problemlərlə üzləşiblər”, o qeyd edib.

Nazir deyib ki, Azərbaycan Ukrayna və Gürcüstanın işğal olunan ərazilərinə edilən heç bir səfəri tanımır.

“Hesab edirəm ki, bu prinsipə qarşılıqlı olaraq GUAM-ın üzvü olan 4 dövlət hər zaman əməl etməlidir. Biz bu məsələləri beynəlxalq tədbirlərdə də qaldıracağıq. Bu real siyasətdir”.

Elmar Məmmədyarov GUAM üzvlərinin BMT Baş Assambleyasında həlli uzanan münaqişələr üzrə qətnamə layihəsinin irəli sürülməsi ilə bağlı səyləri artırmasının vacibliyinə diqqət çəkib.

“Ölkələrin təhlükəsizliyinin və suverenliyinin təmin olunması, beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində ərazi bütövlüyünün bərpası, həmçinin enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizi və multikulturalizm məsələləri böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, iqtisadi və regional təhlükəsizlik məsələlərinə də xüsusi əhəmiyyət verməliyik”, Məmmədyarov qeyd edib.

GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) 1997-ci ildə təşkilata üzv ölkələrin iqtisadi və siyasi əməkdaşlığını möhkəmləndirmək məqsədi ilə təsis edilib.

1999-cu ilə qədər Özbəkistan da təşkilata üzv olub.

2008-ci ildən sonra GUAM üzvü olan ölkələrin yüksək səviyyədə görüşləri keçirilməyib. Son dövrlər təşkilat ictimai mühitdə də fəal görünmür.

Amma, 2008-ci ilədək təşkilat fəal idi. GUAM-ABŞ, GUAM-Yaponiya, GUAM-Avropa Şurası, GUAM-Polşa və digər formatlarda görüşlər keçirilirdi. Eyni zmanada, GUAM ölkələri arasında ticarət, iqtisadi, tranzit əlaqələri geniş müzakirə edilirdi, təşkilata daxil olan dövlətlər regional münaqişələrə vahid mövqe nümayiş etdirirdi.