Polis Gözəl Bayramlını təhdid edən şəxsi tapıb?

Polis Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlını ölümlə təhdid edən şəxsi tapıb. Bu barədə Gözəl Bayramlı Facebook səhifəsində yazıb.

AXCP sədrinin müavinini bu il oktyabrın 28-də 050 393 34 68 telefon nömrəsindən zəng edilərək ölümlə hədələnib.

Gözəl Bayramlı dərhal Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzinə” zəng edib.

Xanım Bayramlı bildirib ki, bununla yanaşı oktyabrın 29-da Facebook şəbəkəsində “Abu Zerz Ahi” adlı bir profildən (https://www.facebook.com/abu.zerzahi.1?fref=ts&__mref=message_bubble) Bayramlının şəkli ilə birlikdə hədə dolu bir status paylaşılıb:

“Yaxın ətrafındakı insanlara, sizə mən allahlıq edəcəyəm, - deyən həmin kafir qadın budur. İnşallah ki, tezliklə öz əxi qardaşımla bunun murdar başını öz dostlarının şam yeməyinə göndərib sizi bir-iki günə sevindirəcəyəm, əziz qardaşlarım mənim!” statusda deyilir.

AXCP sədrinin müavini bundan bir neçə gün sonra, noyabrın 1-də Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə dəvət edilib və noyabrın 2-də izahat verib.

“Noyabrın 3-də yenə də Suraxanı Rayon Polis İdarəsinin təhqiqat şöbəsinə dəvət olunmuşdum. Mobil nömrəmə zəng edərək məni təhdid edən şəxsi tapıblar. Məni ölümlə təhdid etdiyini etiraf edən həmin şəxsin iddiasına görə guya zəng etdiyi nömrənin mənə məxsus olduğundan xəbərsiz olub”, o qeyd edib.

Bayramlı onu təhdid edən şəxsin izahatını olduqca gülünc və şübhəli məqamlarla dolu bir iddia adlandırır.

“Elə, məsələyə bu nöqtədən başlayıb çözüm gətirmək çox sadədir. O zaman mənim nömrəmi kim və hansı məqsədlə bu şəxsə verib? Bu işin təşkilatçıları kimlərdir? Mənə qarşı ölüm təhdidində alət kimi istifadə olunan bu şəxs əslində kimdir? Nəyə görə həmin şəxsin Facebook səhifəsindən götürdükləri iddia olunan yazı həmin səhifədən silinib, yazının ilkin variantı günlər sonra niyə dəyişdirilib? Neçə gündür davam edən susqunluq bu hazırlıqla bağlı olmasın?!

Ən əsası, təhdid edildiyimin səhəri günü tələm-tələsik sələfi profili yaradılaraq onun vasitəsilə mənim “başımı kəsməklə” hədələyici status paylaşan, inboxuma eyni məzmunda məktub göndərən şəxs kimdir? Bu hadisədə hər iki məqam arasındakı əlaqə o qədər qabarıq görünür ki, bu işin bir mənbədən idarə olunduğuna, təşkilatçıların eyni adamlar olduğuna zərrə qədər şübhə yeri qalmır”, deyə o qeyd edib.

Öz növbəsində, polis orqanları hələ baş verənlərlə bağlı açıqlama verməyib.