Gənclərin polisə müraciəti: "Sizi Azərbaycanda ədalətli, firavan və azad bir cəmiyyət qurmağa çağırırıq"

Gənclərin polisə müraciəti: "Sizi Azərbaycanda ədalətli, firavan və azad bir cəmiyyət qurmağa çağırırıq"

Müraciəti Facebook-da yerləşdirən Bəxtiyar Hacıyev bu gün polisə çağırılıb, dostları onunla əlaqə saxlaya bilmədiklərini deyir

Facebook sosial şəbəkəsində Azərbaycanın bir qrup gəncinin təşəbbüsü ilə yaradılan “11 Mart – Böyük Xalq Günü” qrupu sözügedən gün ölkənin bütün şəhər və rayonlarında insanları, xüsusilə gəncləri Azərbaycanda yaşanan ədalətsizliklərə etiraz etməyə çağırır. Bu gün isə bir qrup gənc Azərbaycan polisinə müraciət edib. Fəal gənclərdən Bəxtiyar Hacıyev tərəfindən Facebook sosial şəbəkəsində yerləşdirilən bəyanatda deyilir:“Hər bir xalq gec vəya tez öz azadlığına qovuşur, xalq buna qərar verdikdə, onun qarşısını almaqda bütün qüvvələr aciz qalır. Azərbaycan xalqı 1990-cı ildə Azadlıq meydanında Sovet tanklarının qarşısına çıxaraq, mərdliklə və öz canlarını qurban verərək ölkəmizin müstəqilliyini qazandı. Həmin xalq, heç də 24 il Tunisdə, 30 il Misirdə və 42 il Liviyada avtoritar rejim altında əzilən xalqdan əksik olmadığını, azadlığın, ədalətli, firavan cəmiyyətdə yaşamağın həm də Azərbaycan xalqının təməl haqqı olduğunu sübut edəcək.

Hazırda hüquqları pozulan milyonlarla vətəndaşlarımız arasında polislərimiz də, onların ailələri, yaxınları və dostları da var. Neft gəlirləri vətəndaşlarımızın rifahı naminə ədalətli bölünsə, polislərimizin əmək haqları indikindən dəfələrlə artıq ola bilər, polis ailələri daha az xərc çəkərək daha rahat yaşaya bilər. Bütün bunlardan əlavə olaraq, polisin cəmiyyətdə nüfuzunu qısa zamanda bərpa etmək mümkündür. Biz düşünürük ki, artıq polis bir neçə ailənin ölkənin sərvətindən bəhrələnməsi üçün öz vətəndaşını dəyənəklə döyən yox, hakimiyyətin tapşırığı ilə vətəndaşları haqsız yerə həbs edən yox, vətəndaşlara böhtan atan yox, Azərbaycan xalqının ən çox güvəndiyi şəxs olmalıdır. Biz gənclər düşünürük ki, ölkəmizdə ən çox sevilən, ən çox hörmət edilən, ən çox etibar edilən və azad, ədalətli, firavan cəmiyyətdə yaşamağımız üçün çalışan şəxs Azərbaycan polisi olmalıdır.

Əziz Azərbaycan polisi, yaxın zamanlarda siz də seçim qarşısında qala bilərsiniz. Ərəb dünyasındakı hadisələrdən çıxardığımız dərs bundan ibarətdir ki, xalq hər zaman öz azadlığını tələb edəndə, buna nail olur. Sizi tarixin düzgün tərəfində dayanmağa, öz vətəndaşlarınıza güc tətbiq etməməyə, sadə vətəndaşlarla əl-ələ, çiyin-çiyinə dayanaraq Azərbaycanda ədalətli, firavan və azad bir cəmiyyət qurmağa çağırırıq.

Unutmayın ki, heç kim və heç nə unudulmur. Kiminsə öz sadə vətəndaşlarına qarşı qəddar davranışı unudulmadığı kimi, haqq-ədalətin, vətəndaşların tərəfində dayanan şəxslərin xidmətləri də unudulmayacaq”.

Qeyd edək ki, Facebook sosial şəbəkəsində yayılan digər məlumata görə, bu bəyanatdan bir neçə saat sonra deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyev polis bölməsinə çağırılıb. “Artıq neçə saatdır onun əlaqə saxlamaq mümkün deyil”-deyə Bəxtiyar Hacıyevin dostlar sosial şəbəkədə bildirir.