Fevralın 11-də Gənclərin Hüquqlarını Müdafiə Komitəsi mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edib. Müraciətdə martın 4-də 3 məkandan biri - “Füzuli” meydanı, “Nərimanov” metrostansiyasının qarşısı və “Təbriz” kinoteatrının qarşısındakı meydanda, saat 15:00-dan 17:00-dək ölkənin ərazi bütövlüyünün təmin olunması, rüşvətsiz təhsil və siyasi məhbusların azad olunması tələbi ilə mitinq keçiriləcəyi bildirilir. Mitinqdə “Siyasi məhbuslara azadlıq!”, “Qarabağ!” və “Rüşvətə yox!” şüarlarının səsləndirilməsi nəzərdə tutulub.
Rəşad Həsənov deyir ki, BŞİH təklif edilən yerlərdə aksiya keçirməyə icazə verməsə, onlar dialoq aparağın tərəfində olacaq: "BŞİH-nin təklif edəcəyi yerin bizim üçün əlverişli olub-olmadığını müzakirə edib son qərarımızı verəcəyik".
Gənclərin Hüquqlarını Müdafiə Komitəsində "Müsbət Dəyişiklik", "Dalğa" Gənclər Hərəkatı, "NİDA" Vətəndaş Hərəkatı, Azərbaycan Xalq Cəbhəsi, Müsavat, Vətəndaş Həmrəyliyi və Azərbaycan Demokrat partiyalarının gənclər təşkilatları, eləcə də Azad Gənclik, İnsan Hüquqları Klubu təmsil olunurlar.