Almaniya 2023-cü ilin əvvəlinədək mayeləşdirilmiş təbii qazın (LNG) idxalı üçün iki müvəqqəti terminalı istismara verəcək. Bu barədə iyulun 2-də İqtisadiyyat naziri Robert Habek Welt am Sonntag qəzetində dərc olunan müsahibəsində məlumat verib.
Ümumilikdə Almaniya hökuməti ölkənin Rusiyadan idxal olunan təbii qazdan asılılığını azaltmaq üçün aqressiv səyləri çərçivəsində dörd üzən LNG terminalının icarəyə götürüb.
“Bu il artıq iki gəmi hazırdır və 2022-cü ilin sonu 2023-cü ilin əvvəlində Vilhelmsheyven və Bruntsbuttelə göndəriləcək,” Habek deyib.
O bildirib ki, Rusiya qazından uzaqlaşmaq səyləri “daha öncə Almaniyada görülməyən” sürətlə irəliləyir.
Enerji təchizatına nəzarət edən Almaniya Şəbəkə Agentliyinin başçısı Klaus Mueller iyulun 2-də deyib ki, o, Rusiyanın Almaniyaya qaz təchizatını tamamilə kəsə biləcəyindən narahatdır.
Həmin gün Welt am Sonntag Hamburqun ətraf mühit senatoru Yens Kerstandan sitat gətirərək, onun Rusiya qaz təchizatını azaltdığı təqdirdə şəhərdə isti suya məhdudiyyətin tətbiq oluna biləcəyini bildirib.
“Kəskin qaz çatışmazlığı vəziyyətində, isti su günün müəyyən vaxtlarında verilə bilər,” Kerstan deyib və vətəndaş və şirkətləri enerji istehlakını azaltmağa çağırıb.
Kerstan deyib ki, Hamburq üçün planlaşdırılan LNG terminalı ən tez 2023-cü ildə istismara verilə bilər.
Rusiya ötən ay Şimal Axını 1 boru kəmərində texniki problemləri səbəb gətirərək, Almaniya, İtaliya, Avstriya, Çex Respublikası və Slovakiyaya qaz təchizatını azaldıb. Eyni zamanda isə Habek deyib ki, heç bir texniki problem yoxdur və Almaniya Rusiya Prezidenti Vladimir Putinlə “ticarət mübahisəsi içindədir.”
Avropa İttifaqı iyun ayında ilk dəfə olaraq Rusiyadan boru kəməri ilə idxal etdiyi qazdan daha çox Birləşmiş Ştatlardan mayeləşdirilmiş təbii qaz idxal edib.
Bununla belə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol Twitter-də yazıb ki, “Rusiya təchizatında azalma Aİ-nın qışa hazırlıq məqsədilə tələbatı azaltmaq səylərini” artırmağı tələb edir.