Almaniya mühacirlərlə bağlı qanunları sərtləşdirməyə başlayıb [Video]

Your browser doesn’t support HTML5

Balkan ölkələrindən sərhədə toplaşan minlərlə qaçqına cavab olaraq Almaniya mühacirlərlə bağlı qanunları sərtləşdirməyə başlayıb. Ölkənin cənubundakı Şvabiş-Qmund şəhərində miqrasiyanın ölkənin gələcəyi üçün nə demək olduğuna dair qızğın debat cərəyan edir.

Vaxtilə Almaniyanın yaxın keçmişini əks etdirən hərbi kazarmalar hazırda 21-ci əsrin böhranının öhdəsindən gəlmək üçün istifadəyə qoyulub.

Ştutqart yaxınlığındakı bu yerə 25 ölkədən 200 qədər insan sığınacaq almaq üçün gəlib. Almaniya hökumətinin daha təhlükəsiz yer hesab etdiyi Bosniyadan gəlmiş Qəmbər sığınacaq almaq etimalının az olduğunu deyir. “Ora təhlükəsiz deyil. Mənim ailəm, mənim uşaqlarım üçün təhlükəsiz deyil”.

Əmir də təhlükəsiz ölkələrdən sayılan Kosovodandır. “Mənim qardaşım da, atam da qətlə yetirilib. Mən Kosovodan uşaqlarım və arvadımla birlikdə qaçmışam. Əgər biz Kosovoda qalsaydıq, bizi də öldürə bilərdilər.”

Yerli rəsmilər heç bir millətə qarşı ayri-seçkilik qoymur, qaçqınların sığınacaq məsələsinə tribunallarda baxılır.

Şvabiş-Qmund şəhərinin meri hücumları qınayır və Avropanın bu yükü bölüşməli olduğunu deyir. “Bizə mütləq ardıcıl immiqrasiya siyasəti lazımdır. Hazırda belə bir siyasət Almaniyada yoxdur. Əlbəttə, Avropa sərhədləri haqda müzakirələr də vacibdir. Avropa parçalanmaq üzrədir.”

Hazırda Avropa mövqeyini möhkəmlətməyə, Almaniya mühacirlərlə bağlı qanunlarını sərtləşdirməyə, Avropa Birliyi isə sərhədlərdə qüvvəni artırmağa çalışır. Lakin Şvabiş-Qmundun regional qanunvericisi, Almaniya kansleri Angela Merkelin Xristian Demokrat Partiyasının üzvü Klaus Pavel yardım etməyin Almaniyanın mənəvi borcu olduğunu deyir. “Biz dünya boyu ehtiyacı olan insanlara yardım etməyə hazır olmalıyıq.”

Klaus Pavel Yeni İl gecəsi Kölndə qadınlara qarşı zorakılıqlardan sonra mühacirlərə nifrətin artdığını deyir. Şübhəlilərdən bəziləri Almaniyaya bu yaxınlarda gələn mühacirlərdir.

Şvabiş-Qmundun yerli hökumət orqanları israr edir ki, ən yaxşı çıxış yolu miqrantların mümkün qədər tez bir zamanda cəmiyyətə inteqrasiya edilməsidir.