Almaniya İranda alman vətəndaşının edam edilməsindən sonra İrandakı 3 konsulluğunu bağlayır

Almaniya İranın bu həftənin əvvəlində İran və Almaniya vətəndaşı, eləcə də ABŞ-da yaşamaq icazəsi olan Cəmşid Şarməhdin edam edilməsini elan etməsinə cavab olaraq, İranın üç konsulluğunu bağlayacağını bəyan edib.

Almaniyanın xarici işlər naziri Annalena Berbok cümə axşamı Frankfurt, Münhen və Hamburqdakı konsulluqların bağlanacağını elan edərkən "Biz dəfələrlə və birmənalı şəkildə Tehrana açıq şəkildə bildirdik ki, Almaniya vətəndaşının edam edilməsinin ciddi nəticələri olacaq" deyib.

Almaniya İranın Berlindəki səfirliyinin açıq qalmasına icazə verəcək. Və Almaniya "diplomatik kanallarımızı və Tehrandakı səfirliyimizi saxlamağa davam edəcək" - deyə, Berbok bildirib.

Berbok "Bu sui-qəsdin Yaxın Şərqdəki son hadisələr fonunda baş verməsi onu göstərir ki, [İranın] diktator, ədalətsiz rejimi normal diplomatik məntiqlə hərəkət etmir. Diplomatik münasibətlərimizin ən aşağı səviyyədə olması səbəbsiz deyil" deyə, əlavə edib.

69 yaşlı Şarməhd 2008-ci ildə Şirazda məscidin ölümcül partlayışında iştirak etməkdə ittiham olunurdu. O, ölüm cəzası daşıyan "Yer üzündə korrupsiya" ittihamı ilə təqsirli bilinib. Bu, İran hakimiyyət orqanlarının bir sıra ittihamlara istinad etmək üçün istifadə etdiyi termindir ki, buna İslam dəyərlərinin pozulması ilə bağlı ittihamlar da daxildir.

Ailəsi ona qarşı irəli sürülən ittihamı rədd edib.

Amerikanın Səsinin Fars Xidmətinə eksklüziv müsahibəsində Şarməhdin qızı Qazalə Şarməhd xəbərdarlıq edib ki, atasının bazar ertəsi edam edilməsi ədalət hərəkatını susdurmayacaq.

"Onlar atamı və İran xalqını öldürməklə bu hərəkatların dayandırılacağını düşünərək, böyük səhv etdi. Onlar səhv etdi - adam öldürmək sadəcə olaraq bu hərəkatları daha güclü, daha fəal və daha enerjili edir. İslam Respublikası çox böyük səhvə yol verib" - deyə, o bildirib.

Qazalə Şarməhd həmçinin atasının ölümü ilə bağlı həqiqəti öyrənmək istədiyini deyib. O, Amerikanın Səsinə bildirib ki, İslam Respublikası atasının ölümü ilə bağlı ABŞ və Almaniyaya məlumat verib.

Qazalə Şarməhd "Onlar terrorçuların dediklərini qəbul edir və mənə başsağlığı verirlər? Onların həqiqətən nə baş verdiyini araşdırmaq öhdəliyi var" deyə, bildirib.