Almaniyanın xarici işlər naziri: "Ukraynanın yeri Avropa İttifaqındadır"

Almaniyanın xarici işlər naziri Annalena Berbok və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ukrayna paytaxtı Kiyevdə apardıqları danışıqlardan sonra birgə mətbuat konfransının ardınca şəkil çəkdirirlər, 11 sentyabr 2022-ci il.

Almaniyanın xarici işlər naziri Annalena Berbok bazar ertəsi bildirib ki, "Ukraynanın yeri Avropa İttifaqında olmalıdır". Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri bunu Kyivə səfəri zamanı deyib.

"Ukrayna bizə və Rusiyanın başlatdığı müharibənin zəruri geosiyasi nəticəsi kimi Avropa İttifaqının genişlənməsi anlayışımıza arxalana bilər", Berbok Ukrayna paytaxtına zəfəri zamanı bildirib.

Berbok Ukraynanın artıq namizəd statusu olduğunu xatırladaraq əlavə edib ki, "biz indi Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamaq barədə qərar qəbul etməyə hazırlaşırıq".

Onun sözlərinə görə, məhkəmə sistemində və media qanunvericiliyində aparılan islahatların nəticələri artıq müsbətdir.

Bununla belə, Berbok əlavə edib ki, ölkədə antikorrupsiya qanunvericiliyinin tətbiqi, eləcə də oliqarxiyanın gücünə qarşı qanunun hazırlanması istiqamətində hələ çox işlər görülməlidir.

Berbok həmçinin Almaniyanın humanitar yardım məqsədəilə əlavə 21,44 milyon dollar ayıracağını və bu il Berlinin əlavə yardımı 408 milyon dollara çatdıracağını bildirib.

Almaniyanın xarici işlər naziri Rusiyanın bu payız və qış aylarında Ukraynanın enerji infrastrukturuna yenidən hücum edə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Ukrayna rəsmiləri də həmçinin Rusiyanın Ukraynanın enerji obyektlərinə daha çox hava zərbələri endirməsi ehtimalı ilə bağlı xəbərdarlıq ediblər və Qərb müttəfiqlərini uzaq mənzilli raketlər yerləşdirməyə çağırıblar.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Berbok ilə görüşdən sonra Almaniyadan ən qısa zamanda “Taurus” qanadlı raketlər istədiyini bildirib.

Kuleba qeyd edib ki, əsas taxıl istehsalçısı və ixracatçısı olan Ukrayna Rusiyanın ölkənin taxıl ixracı infrastrukturuna hava hücumlarını artırmasından sonra limanların müdafiəsinə daha çox ehtiyac duyur.

Kuleba bu yaxınlarda Kyivin müttəfiqlərindən uzaq mənzilli ATACMS raketlərini istəyib.

Ukrayna prezidenti Volodimir Zelenski Berboka Almaniyanın dəstəyinə görə təşəkkürünü bildirib. Zelenski CNN tele kanalına müsahibəsində ABŞ prezidenti Co Baydenlə Ukraynanın ATACMS raketləri ilə təmin edilməsi barədə yenidən danışmağı planlaşdırdığını və raketləri payızda alacağına ümid etdiyini deyib.

Bu, Almaniyanın xarici işlər nazirinin 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri Ukraynaya dördüncü səfəridir.