Gürcüstan müxalifəti "xarici agent" qanununa qarşı yeni etiraz aksiyalarına çağırıb

Parlamentin Qərbin kəskin tənqidinə səbəb olan mübahisəli "xarici agent" qanununu təsdiqləməsinə qarşı nümayiş keçirən onlarla fəalın polislə qarşıdurma zamanı həbsindən sonra Gürcüstan müxalifəti yeni etiraz aksiyalarına çağırıb.

Tbilisidə ikinci gündür ki, genişmiqyaslı küçə nümayişi davam edib.

Martın 7-də deputatlar tənqidçilərin mətbuat azadlıqlarına zərər verəcəyini və ölkəni avtoritarizmə doğru aparacağını deyərək, mübahisəli "xarici agent" qanununu qəbul etdikdən sonra etirazçılar Gürcüstan parlamentinin daxilində və xaricində polislə toqquşub.

Daxili İşlər Nazirliyinin martın 8-də yaydığı məlumatda qarşıdurma zamanı saxlanılan 66 etirazçıya qarşı kiçik xuliqanlıq və asayiş keşikçilərinin tələblərinə tabe olmamaq ittihamı irəli sürüdüyü, zorakılıqlarla bağlı araşdırmaya başlanıldığı bildirilib.

Nazirlikdən verilən məlumata görə, aksiya iştirakçıları polisə daş, tez yanan maddələr, ağır əşyalar ataraq onlara qarşı fiziki güc tətbiq edib. Qanunverici orqanın qarşısındakı dramatik səhnələr zamanı polis gözyaşardıcı qaz, səsli qumbara və su şırnaqları ilə cavab verib.

Daxili İşlər Nazirliyi qarşıdurma zamanı 50-yə yaxın polis əməkdaşının yaralandığını bildirsə də, yaralanan nümayişçilərin sayı barədə məlumat verməyib.

Saxlanılanlar arasında sağ-liberter "Girçi" partiyasının lideri Zurab Caparidze də var. Onun vəkili Vaxo Barabaşvili martın 8-də bildirib ki, saxlanılan zaman polis müvəkkilini döyüb.

Prezident Salome Zurabişvili parlamentin onun vetosunu ləğv edə biləcəyinə baxmayaraq, qanun layihəsinə veto qoyacağını bildirib.