Generalın vəkili Kəmaləddin Heydərovun müavininə cinayət işi açılmasını tələb edir

Kəmaləddin Heydərov

Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyevin, Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun cinayət məsuliyyətinə cəlb olunması tələb edilir. Həbsdə olan Milli Qəhrəman-general Rövşən Əkbərovun vəkili Taleh İbrahimov oktyabrın 22-də Bakı Hərbi Məhkəməsində bu barədə məsələ qaldırıb.

"Əvvəlcədən bunu bilirdilərsə, niyə demirdilər?"

Vəkil deyir ki, generalın suçlandığı qətl hadisəsinə - 2001-ci ildə Kiyevdə azərbaycanlı işadamı Elçin Əliyevin ölümünə heç bir aidiyyəti yoxdur. Müdafiəçinin sözlərinə görə, şahid qismində dindirilənlərin heç biri birbaşa hadisəni görməyib, başqalarının yaydığı söz-söhbətə əsaslanıb ifadə veriblər.

Vəkil vurğulayıb ki, nazir müavini Orucəli Hacıyev, sabiq komitə sədri Nazim İbrahimov (o, həm də bir müddət Ukraynada səfir olub-red.) hadisədən keçən 20 il ərzində bir neçə dəfə istintaqda dindirilib. Amma əvvəlki ifadələrinin heç birində Əkbərovun adını çəkməyiblər.

"Biri beş, o biri dörd dəfə dindirilib. Əvvəlki ifadələrin heç birində Rövşən Əkbərovun adını çəkməyiblər. Bu il verdikləri ifadədə kimlərinsə təsiriylə cinayətin Rövşən Əkbərov tərəfindən törədildiyini deyiblər. Əgər onlar əvvəlcədən bunu bilirdilərsə, niyə demirdilər? Cinayəti bilib xəbər verməməyə görə cinayət məsuliyyəti var. Yox, bilmirlərsə, bu halda da yalan ifadə verməyə görə cəzalanmalıdırlar", – vəkil belə deyib.

Yeganə şahid

Müdafiəçinin sözlərinə görə, Elçin Əliyev qətlə yetiriləndə yanında yeganə şahid Məzahir Şıxəliyev olub. O da ifadəsində deyib ki, hadisə vaxtı içkili olduğuna görə baş verənləri xatırlamır.

Şıxəliyev hadisədən bir neçə il sonra vəfat edib.

Vəkili təqsirləndirilən general haqda bəraət hökmü çıxarılmasını istəyib.
Məhkəmə zalında mərhum Elçin Əliyevin anası Səmayə Əliyeva vəkilin çıxışına etiraz edib. O, oğlunun Əkbərovun öldürdüyünü iddia edib: "Silah verin ona, məni də öldürsün...".

Təqsirləndirilən general isə cinayətkarı başqa yerdə axtarmağı, kiminsə sözüylə onu günahlandırmamağı tövsiyə edib: "Siz bu işi yaxşı araşdırın. Kiminsə sözüylə məni günahlandırmayın".

Məhkəmə prosesi oktyabrın 27-də generalın son sözüylə davam edəcək. Ardınca ona hökm oxunacaq.

Xatırlatma

General Əkbərov 2021-ci il martın 15-dən həbsdədir. Onun ittiham olunduğu qətl və xuliqanlıq hadisələri isə 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə baş verib.

Cinayət işinin materiallarında yazılıb ki, gecə saatlarında "Sikora" kafesində yeyib-içəndən sonra Əkbərovla Əliyev arasında mübahisə yaranıb. Onlar kafedən çıxıb mübahisəni davam etdiriblər. Bu zaman general üstündəki hərbi bıçaqla onun ürək nahiyəsinə zərbə endirib.

Ukrayna prokurorluğu hələ 2003-cü ildə Azərbaycan Baş Prokurorluğuna məktub göndərərək 29-yaşlı Əliyevin qətlində generalın iştirakını təsdiqləyən sübutların olduğunu yazırdı. Həmin sübutlar da daxil olmaqla, cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün Azərbaycana göndərilmişdi. İş əvvəlcə Hərbi Prokurorluqda, daha sonra Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində araşdırılsa da, bir müddət sonra icraat dayandırılmışdı.

1965-ci il təvəllüdlü general 1994-cü ildə Surət Hüseynovun dəstəsinin qarşısının alınmasında xidmətlərinə görə Milli Qəhrəman adına layiq görülüb.

Əkbərov 2020-ci ilin noyabrında ehtiyata buraxılıb.