Gəncə hadisələrinə görə həbs olunan 11 nəfərin cəzası azaldılıb

Gəncə hadisələrinə görə həbs olunan şəxslərdən 11 nəfərin cəzası azaldılıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə onlara kəsilmiş 7 il 6 aydan 9 ilə qədər həbs cəzası 4 il 1 aydan 5 ilə qədər endirilib.

Avqustun 15-də Bakı Apellyasiya Məhkəməsinin binasında bu barədə qərar elan olunub. Ancaq qərarı Gəncə Apellyasiya Məhkəməsinin hakimləri verib.

Məhkəmə ittiham maddələrindən birini dəyişib. Birinci instansiya məhkəməsi onları CM-in 220.1 (kütləvi iğtişaşların təşkili və ya iştirak) və 315.2 (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirli bilmişdi. Apellyasiya məhkəməsi ittihamlardan birini 315.2-dən 315.1 maddəsinə tövsif etdi.

Cəzanın və ittihamın nisbətən yüngülləşməsinə baxmayaraq, təqsirləndirilən şəxslər, onların valideynləri qərara kəskin etirazlarını bildiriblər.

Penitensiar Xidmətin əməkdaşları təqsirləndirilənlərin saxlandığı dəmir qəfəsə bibər qazı sıxıblar. Apellyasiya Məhkəməsinə əlavə polis qüvvələri çağrılıb. Bibər qazından valideynlər və təqsirləndirilən şəxslərdən bir neçəsinin halı pisləşib.

Gəncə hadisələrindən sonra həbs olunan bu şəxslər kütləvi iğtişaşların təşkilində və ya iştişaşlarda iştirakda, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunurlar.

Gəncə Ağır Cinayətlər Məhkəməsi onlara 7 ildən 9-ilə qədər azadlıqdan məhrumetmə cəzası vermişdi. Amma təqsirləndirilənlər onlara qarşı irəli sürülən ittihamı qəbul etmirlər, azad olunmalarını tələb edirdilər.

Gəncə hadisələrinə görə ümumilikdə 80-ə yaxın şəxsin işi məhkəmədədir.

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin o vaxtkı başçısı Elmar Vəliyevə sui-qəsd olub.

Bundan sonra Gəncənin mərkəzində etiraz aksiyasına cəhd olundu.

Bu gün məhkəməsi keçirilənlər həmin aksiyada iştirakda suçlanırlar. Həmin aksiyalarda iki polis əməkdaşının öldürüldüyü bildirilirdi.