Rusiyanın “Qazprom” şirkəti Azərbaycana 1 milyard kubmetrədək qaz tədarük edəcək

Rusiyanın “Qazprom” şirkəti

Rusiyanın “Qazprom” şirkəti yeni müqaviləyə əsasən, 2023-cü ilin mart ayına qədər Azərbaycana 1 milyard kubmetrədək qaz tədarük edəcək.

Bu barədə “Qazprom” şirkətinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, noyabrın 15-də yeni qaz alqı-satqısı müqaviləsi çərçivəsində Rusiya qazının Azərbaycana tədarükü başlayıb.

“Noyabrın 15-də yeni qaz alqı-satqısı müqaviləsi çərçivəsində Rusiya qazının Azərbaycana tədarükü başlayıb. Sənəd "Qazprom Eksport" MMC ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanıb,” məlumatda qeyd edilir.

“Qazprom” bildirir ki, müqavilə 2023-cü ilin mart ayına qədər 1 milyard kubmetrədək qaz tədarükünü nəzərdə tutur.

İqtisadçı ekspert Natiq Cəfərli “Azərbaycanın bu qərarı Qərb ölkələri ilə münasibətlərə necə təsir edəcək?” sualına cavabda deyib ku, “bu bir biznesdir”.

“Azərbaycanla “Qazprom” şirkəti arasında müqavilə çoxdan imzalanıb. Avropa İttifaqı tərəfindən “Qazprom”a sanksiyaların tətbiqi ancaq tankerlə daşınan qaza aiddir. Boru kəmərləri ilə Avropa onsuz da Rusiyadan qaz alır. Macarıstan da, Slovakiya da qaz alır. Hətta Ukraynadan keçməklə Çexiya da qaz alır. Almaniyaya da az da olsa boru kəmərləri vasitəsilə çatır. Ona görə də, boru kəmərləri ilə qaz alışına hansısa bir qadağa yoxdur. Ona görə də, Azərbaycanın hansısa formada sanksiyaları pozması ilə bağlı məsələ gündəmdə deyil. İkincisi ola bilər ki, Qərbin də marağı var. Azərbaycan Rusiyadan aldığı qazı istifadə etməklə özü daha çox qazı Avropaya çatdıra bilər. Rusiyadan alınan qazla daxili istehlakı əvəzləyə bilər,” o qeyd edib.

2021-ci ildə Azərbaycan və Rusiya təbii qazın mövsümi mübadiləsi sahəsində əməkdaşlıq haqqında razılığa gəliblər. Razılaşma yay mövsümündə Azərbaycandan Rusiyaya, qış mövsümündə isə Rusiyadan Azərbaycana analoji həcmdə qazın nəqlini nəzərdə tutur.