HƏMAS-ın idarə etdiyi Fələstin ərazisindəki Səhiyyə Nazirliyinin cümə günü bildirdiyinə görə, İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində daha 32 nəfər ölüb.
Atəşkəs və girovların azad edilməsinə dair razılaşmaya nail olmaq üçün danışıqlar davam etdiyi bir vaxt sahil ərazisinin şimalından cənubuna doğru döyüşlər davam edib.
Qəzzanın Səhiyyə Nazirliyinin qısa açıqlamasında "İsrail qüvvələrinin davam etdirdiyi hücumlar səbəbilə əksəriyyəti uşaq və qadın olmaqla, 32 şəhid gecə xəstəxanalara aparılıb" deyilib.
HƏMAS mediası bölgənin bir neçə hissəsinə "70-dən çox hava zərbəsi endirildiyini" bildirib. HƏMAS-ın dediyinə görə, bunlara şimalda Qəzza şəhəri, mərkəzdəki "Nuseyrət" qaçqın düşərgəsi, cənubda isə Xan Yunis və Rəfah daxildir.
İsrail ordusu cümə günü bildirib ki, qoşunlar Misir sərhədi yaxınlığındakı Rəfahda əməliyyatları davam etdirir.
"Son gün ərzində yaxın məsafədən döyüşlər və hava zərbələri ilə ordu çox sayda terrorçunu məhv edib və ərazidəki terrorçu infrastrukturunu darmadağın edib" - İsrail ordusunun hərbi bəyanatında bildirilib.
Bəyanatda əsgərlərin Qəzzanın mərkəzində "təhdid yaradan" qeyri-müəyyən sayda militantı öldürdüyü, "silah istehsalı sexi" və "terrorçuluq fəaliyyəti üçün külli miqdarda vəsait" aşkar etdiyi deyilib.
Hərbçilər İsrail aviasiyasının cümə axşamı İsrailin cənubuna mərmilərin atıldığı Qəzzanın uzaq şimalındakı Beyt Hanun bölgəsindəki hədəflərə zərbələr endirib.
Qəzzanın Mülki Müdafiə Agentliyinin bildirdiyinə görə, cümə axşamı Qəzza şəhərinin şərqindəki Şucayə məhəlləsində dağıntılar altında təxminən 60 cəsəd aşkar edilib.
Cəsədlər Qəzzanın Mülki Müdafiə Agentliyi və sakinlərin İsrail ordusunun ərazidə iki həftəlik əməliyyatı başa vurmasından sonra tapılıb.
Mülki Müdafiə Agentliyinin sözçüsü Mahmud Bassal hazırda binaların 85%-nin yaşayış üçün yararsız olduğunu deyib və Şucayəni "fəlakət zonası" adlandırıb.
HƏMAS oktyabrın 7-də İsrailə qarşı müharibəyə səbəb olan hücumda 1200 nəfəri öldürüb, 250-yə yaxın insanı girov götürüb. İsrail HƏMAS-ın hələ də 116 nəfəri girov saxladığını bildirir ki, bunlardan 42-nin öldürüldüyü ehtimal edilir.
HƏMAS-ın idarə etdiyi səhiyyə nazirliyinin məlumatına görə, İsrailin Qəzzada keçirdiyi əks-tədbirlər nəticəsində 38,200-dən çox fələstinli həlak olub. İsrail öldürülənlərin çoxunun HƏMAS döyüşçüləri olduğunu bildirir.