Dünyanın sənayesi inkişaf etmiş səkkiz ölkəsinin lideri Şimali Koreyanı Cənubi Koreyanın hərbi gəmisini torpedo ilə vurub batırdığına görə qınayıb və İranı insan hüquqlarına hörmət etməyə çağırlb.
Liderlər bu gün Kanadada Muskoka kurort şəhərində keçirilən sammiti başa vuraraq bəyanatla çıxış ediblər. Qrupun üzvləri İran liderlərinə söz azadlığı və qanunun aliliyinə hörmət etmək çağırışlarını bir daha təkrar ediblər.
Böyük Səkkizlər qrupunun liderləri sənayesi inkişaf etməkdə olan ölkələr arasında öncül ölkələrin nümayəndələri ilə daha geniş tərkibdə görüşdən əvvəl bu gün qapalı iclasda iqtisadiyyatın qeyri-bərabər bərpası məsələsini müzakirə ediblər.
Böyük İyirmiliyin zirvə görüşü Torontoda keçiriləcək. ABŞ rəsmiləri bildirir ki, Böyük Səkkizlərin liderləri arasında qlobal iqtisadiyyatın yenidən tənəzzülə uğramasının qarşısını almaq yolları məsələsində demək olar konsensus əldə edilib.
ABŞ prezidenti Barak Obama, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Nikola Sarkozi Kanadanın Baş naziri Stiven Harperin ev sahibliyi etdiyi Böyük Səkkizlərin sammitində iştirak edən dünya liderləri arasındadır.
Prezident Obama ölkələri iqtisadi artımı stimullaşdırmağa çağırıb, başda Almaniya olmaqla Avropa liderləri isə əsdas diqqəti maliyyə məsuliyyəti və xərclərin azaldılması məsələlərinə yönəldiblər.