İctimai Palata Bakının mərkəzində etiraz aksiyası keçirib (VİDEO)

İctimai Palata Bakının mərkəzində etiraz aksiyası keçirib (VİDEO)

Paytaxtın mərkəzdəki küçə və meydanlarına, metro stansiyalarının çıxışlarına çoxsaylı polis dəstələri nəzarət etməsinə baxmayaraq etiraz aksiyası Fəvvarələr meydanından başlayaraq Sahil, 28 May, Nizami metro stansiyaları və Təzə bazar da daxil olmaqla bir neçə kilometrlik ərazini əhatə edib.

Azərbaycanın müxalif siyasi partiyalarını, ictimai xadimlərini, ziyalılarını və çoxsaylı keçmiş deputatlığa namizədlərini birləşdirən İctimai Palata Bakının mərkəzi küçə və meydanlarında “İstefa”, “Azadlıq” şüarları ilə etiraz aksiyası keçirib. Paytaxtın mərkəzdəki küçə və meydanlarına, metro stansiyalarının çıxışlarına çoxsaylı polis dəstələri nəzarət etməsinə baxmayaraq etiraz aksiyası Fəvvarələr meydanından başlayaraq Sahil, 28 May, Nizami metro stansiyaları və Təzə bazar da daxil olmaqla bir neçə kilometrlik ərazini əhatə edib.

Etirazçılar öncə Fəvvarələr meydanını seçib, sonra Sahil metrosundan başlayaraq 28 May metro stansiyası və Dillər Universitetinədək kilometrlərlə məsafədə yürüş keçirilib. Bundan sonra, bir qrup gənc Bülbül prospekti ilə irəliləyərək Füzuli küçəsi ilə Kubinka yaşayış massivinə, oradan isə Təzə bazarın qarşısınadək “İstefa”, “Azadlıq” şüarları ilə yürüş edib. Bunun ardınca, Nizami metrosu, Nəsiminin heykəlinin qarşısı, yenidən Fəvvarələr meydanı, Rəşid Behbudov küçəsi və yenidən meydanlar boyu yürüşlər olub. Aksiya iki saatadək davam edib və çoxsaylı etirazçı saxlanıb. Saxlananlar arasında jurnalistlər və hüquq müdafiəçiləri də var. Polis insanlara qarşı güc tətbiq edib və bir halda gözyaşardıcı balondan istifadə edib.

Jurnalistlərin də fəaliyyətinin məhdudlaşdırılmasına cəhd edilib. Polis öncə jurnalistləri bir küncə sıxışdıraraq aksiya iştirakçılarını yaxından lentə almağa imkan verməyib. Lakin sonradan aksiya geniş əraziyə yayıldığından polisin bu cəhdi mənasını itirib.

Aksiya zamanı çoxsaylı beynəlxalq təşkilatların, diplomatik korpusların nümayəndələri və yerli hüquq müdafiəçiləri monitorinq aparıb. Hüquq müdafiəçiləri nümayişçilərə qarşı güc tətbiqini pisləyir. “Bir azadlıq deyən nümayişçiyə otuzadək polis güc tətbiq edirdi. Bu rəzalətdir, biabırçılıqdır və insanın təhqirdir”, - deyə hüquq müdafiəçisi Novella Cəfəroğlu qeyd edib.

İşgəncələr Əleyhinə Milli Komitənin sədri Elçin Behbudov polisin davranışının Beynəlxalq İnsan Haqları Bəyannaməsinə və Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olmadığını deyib. “Mən insanlara qarşı qeyri-insani davranışları qeydə almışam”, - deyə o Amerikanın Səsi radiosuna bildirib.

İctimai Palata mitinqin baş tutduğunu bildirib. Palatanın bəyanatında deyilir ki, aksiya son illərin ən böyük aksiyası olub. “İctimai Palatanın Koordinasiya Şurası hesab edir ki, aksiya baş tutub və öz məqsədinə nail olub. Minlərlə vətəndaşın aksiyada fəal iştirakı bir daha sübut edir ki, Azərbaycan cəmiyyətində köklü siyasi, iqtisadi və sosial islahatlar artıq zərurətə çevrilib”.

Sənəddə deyilir ki, hakimiyyət dinc aksiyaya qarşı kütləvi zorakılıq və qəddarlıq tətbiq edib. “Aksiyaçılara qarşı gözyaşardıcı qazdan, elektroşok və dəyənəklərdən istifadə olunub. 200-dən artıq aksiya iştirakçısı saxlanıb, həbs olunub. Saxlanma yerlərində tutulanlara işgəncə verilib. Yalnız Səbael rayon Polis İdarəsində havasız və işıqsız kiçik bir kamerada 54 nəfər mitinq iştirakçısı saxlanılır”.

İctimai Palatanın Koordinasiya Şurası Azərbaycan iqtidarını prosesləri düzgün qiymətləndirməyə, yanlış və perspektivsiz siyasətindən əl çəkməyə çağırır. “Hadisələrin inkişafının qarşısının alınması istiqamətində ilk addım olaraq mitinq və nümayişlərin keçirilməsi üçün normal yerlərin müəyyənləşdirilməsi ola bilər. İctimai Palatanın Koordinasiya Şurası bəyan edir ki, repressiya və zorakılığa baxmayaraq, 2 aprel mitinqinin qətnaməsində əks olunan tələblərin yerinə yetirilməsi məqsədilə kütləvi aksiyalar davam etdiriləcək”.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq İctimai Palatanın aprelin 2-də Bakının mərkəzində keçirdiyi sanksiyalaşdırılmamış etiraz aksiyası ilə bağlı birgə məlumat yayıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatına görə, aksiyanın təşkilatçıları aprelin 2-də saat 14-dən başlayaraq ümumi sayı təxminən 350 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən paytaxtın Fəvvarələr meydanına daxil olmağa cəhd göstərib. “İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polis tərəfindən dəfələrlə xəbərdarlıq edilsə də, radikal müxalifətin nümayəndələri bu tələbi yerinə yetirməyərək ictimai təhlükəsizlik əleyhinə olan əməllər törədib. Bu hüquqazidd hərəkətlər zamanı Fəvvarələr meydanında və ona yaxın ərazilərdə yerləşən bir sıra müəssisə, idarə və təşkilatların, ticarət və iaşə obyektlərinin, şəhər nəqliyyatının normal fəaliyyəti, əhalinin dincliyi, hüquq və azadlıqları, bütövlükdə ictimai qayda kobud surətdə pozulub.
Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən belə aqressiv və qərəzli hərəkətlər nəticəsində fiziki və hüquqi şəxslərə, o cümlədən polisə məxsus 25-ə yaxın avtomobilə ziyan vurulub, 17 mağazanın, 1 bank müəssisəsinin şüşələri və 1 bankomat qurğusu sındırılıb.
Xidməti vəzifələrini yerinə yetirən polisin qanunsuzluqlara son qoyulması barədə təkrarən səsləndirdiyi xəbərdarlıqlara və tələblərə məhəl qoyulmayaraq onlara qarşı zor tətbiq edilməklə müqavimət göstərilib, nəticədə 13 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarəti yetirilib.

Asayişi mühafizə qüvvələrinin gördüyü qətiyyətli tədbirlərlə ictimai qaydanı pozan hərəkətlərin genişlənməsinin qarşısı alınıb, bu cinayətin təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla şübhəli şəxs qismində 5 nəfər saxlanılıb. Həmçinin, ictimai qaydanı pozan hərəkətlərə yol vermiş daha 70 nəfər barəsində ərazi poils orqanları və məhkəmələr tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirləri tətbiq edilib.
Fakt üzrə Bakı Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə maddələri ilə cinayət işi başlanıb. İstintaqın tam və hərtərəfli aparılması üçün prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb”, - deyə məlumatda qeyd edilir.