Vəkil: Fuad Qəhrəmanlıya daha ağır ittiham elan edilib [Audio-müsahibə]

Fuad Qəhrəmanlı

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ilə bağlı cinayət işinin ibtidai istintaqı yekunlaşmaq üzrədir və ona qarşı yekun ittham irəli sürülüb. Əvvəlkindən fərqli olaraq Qəhrəmanlıya qarşı daha bir ittiham, Cinayət Məcəlləsinin 220.2 maddəsi (kütləvi iğtişaşa çağırış) ilə ittiham elan edilib.

Bu barədə Amerikanın Səsinə müsahibəsində vəkil Nemət Kərimli bildirib.

Your browser doesn’t support HTML5

Vəkil Nemət Kərimlinin Amerikanın Səsinə müsahibəsi

F.Qəhrəmanlı facebook səhifəsində yazdığı statuslara görə, ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının Bakının Nardaran qəsəbəsində keçirdiyi xüsusi əməliyyatdan sonra dekabrın 8-də həbs olunub. Həmin statuslara görə, ona qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb.

Prokurorluq bildirib ki, Nardaran hadisələri ilə əlaqədar “Müsəlman Birliyi” Hərəkatına görə, ümumilikdə 70 nəfər saxlanılıb. Onlar terrorda, qanunsuz silah əldə etmə və kütləvi iğtişaşlarda ittiham edilir. Bu 70 nəfərdən daha yüngül maddələrlə ittiham edilənlərdən bəzilərinin məhkəməsi başlanıb və iki nəfərə hökm oxunub. Onlar 2 il 6 ay həbs cəzası alıb.

Nardaran hadisələri zaman ikisi polis olmaqla yeddi nəfər ölüb. Həmin hadisələr zamanı “Müsəlman Birliyi” Hərəkatının sədri Tale Bağırzadə və onun tərəfdarları həbs edilib.

“İstər Fuad Qəhrəmanlı, istər AXCP, istərsə də mən ittihamların siyasi xarakterli olduğunu bəyan etmişik. Onu rəsmən cəlbetmə qərarında da göstərirlər ki, facebook səhifəsində bu statusları yazıb. Hesab edirlər ki, hansısa statusunda guya dini ədavətə, konstitusiya quruluşunu zorla dəyişməyə çağırışlar olub. Guya bu statuslar Taleh Bağırzadəyə ruh veriB, Nardaran camaatını ayağa qaldırıb. Tamamilə cəfəngiyatdır, absurddur. Sadəcə olaraq ifadə azadlığına, Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəısinə (fikri ifadə etmə azadlığı) zidd bir addımdır”, vəkil qeyd edib.

Onun sözlərinə görə, ittihamlar istintaqda sübut olunmayıb və istintaq Fuad Qəhrəmanlının Taleh Bağırzadə ilə əlaqələrinin olmasının hüquqi təsdiqini tapa bilməyib.

Vəkil bildirib ki, Fuad Qəhrəmanlı Nardaran hadisəsinə görə həbs edilənlərlə birgə məhkəmə qarşısına çıxarılacaq. Lakin həmin hadisəyə görə tutulanlar çox olduğundan 2 qrupa bölünərək mühakimə ediləcəklər. Fuad Qəhrəmanlının “Müsəlman Birliyi Hərəkatı”nın rəhbəri Tale Bağırzadə ilə birlikdə mühakimə olunacağı deyilir.