Həbsdə olan və hüquq müdafiəçisi tərəfindən ağır işgəncələrə məruz qaldığı bildirilən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı ilə onun vəkili Bəhruz Bayramovun görüşü hələ də baş tutmayıb.
Bu barədə Amerikanın Səsinə vəkil Bayramov bildirib.
Onun sözlərinə görə, istintaq orqanı vəkilin müqaviləni onun ailəsi üzvləri ilə bağlamadığını bəhamə gətirərək görüşə icazə vermir.
Vəkil dünən bütün günü görüş üçün gözlədiyini və dəfələrlə Ombudsman Aparatına zəng etdiyini bildirib.
AXCP bildirir ki, vəkilin Fuad Qəhrəmanlı ilə görüşünə hələ də şərait yaradılmayıb.
“Prosedur qaydalarına görə vəkili işi aparan müstəntiq təqsirləndirilən şəxsə təqdim etməlidir. Lakin müstəntioq hələ də vəkili Fuad Qəhrəmanlıya təqdim etməyib. Fuad Qəhrəmanlı ilə bağlı narahatçılıq daha da artır. Qardaşına təzyiq edirlər ki, desin vəkillə müqavilə bağlamayıb. Nə fərqi var, müqavilə bağlanıbsa, order varsa o zaman vəkildən imtina Fuad Qəhrəmanlının üzərinə düşür. Order varsa vəkili müvəkkilə təqdim etmək istintaqın vəzifəsi və borcudur. Artıq Ombudsman Aparatı da geri çəkilir,” AXCP-nin məlumatında deyilir.
Bununla yanaşı, Fuad Qəhrəmanlının ailə üzvlərinin telefonuna bu gün zəng çatmır.
Avqustun 2-də hüquq müdafiəçisi Rüfət Səfərov prokurorluqdakı mənbələrə istinadən Fuad Qəhərmanlının dəhşətli işgəncələrə məıruz qaldığı barədə sosial şəbəkələrdə məlumat paylaşıb.
“Bir qədər əvvəl Baş Prokurorluqdakı vəzifəli şəxslərdən biri 3-cü şəxs vasitəsilə xəbər yollayıb ki, Fuad Qəhrəmanlı dəhşətli işgəncələr altındadır. Özündə deyil, danışa və yeriyə bilmir. Əli Kərimlinin əleyhinə hazır ifadəyə imza atmaqdan imtina etdiyinə görə fasiləsiz işgəncəyə məruz qalır. Ombudsman, əgər mövcudsunuzsa, təcili surətdə Fuad bəyə baş çəkin. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyi, ümid sizədir, Fuad bəy işgəncələr altında ölə bilər, lütfən, ona baş çəkin,” hüquq müdafiəçisi bildirib.
Bu məlumatdan sonra, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi işgəncə ilə bağlı məlumatları təkzib edib. Ombudsman Səbinə Əliyeva Fuad Qəhərmanlı ilə görüşdüyünü və onun işgəncə ilə bağlı şikayət etmədiyini bildirib.
Avqustun 3-də Fuad Qəhrəmanlı qardaşı Polad Qəhrəmanlı ilə bir dəqəqyədək telefonla danışıb.
“Dedi ki, normaldır, hər şey qaydasındadır. Yenə əlaqə saxlayacaq. O, işgəncə faktı ilə bağlı telefonda mənə heç nə demədi. Mən soruşdum ki, mətbuatda işgəncə ilə bağlı məlumat yayılıb. O dedi ki, hər şey yaxşıdır `mən salamatam`, narahat olma."
`Fuad Qəhrəmanlının səsi necə idi, səsindən nə hiss etdiniz?" sualının cavabında Polad Qəhrəmanlı dyib ki, “həbsxanadan gələn səs idi. Həbsxanadan gələn səs necə olar? Onun salamat olmasından sevindim,” Polad Qəhrəmanlı Amerikanın Səsinə müsahibəsində bildirib.
AXCP sədri Əli Kərimli bildirib ki, hazırda 42 nəfər cəbhəçi məhbus faktiki rejimin girovluğundadır.
“Onların əksəriyyəti həm də işgəncəyə məruz qalıb. Qarabağ məhbusları 10-18 gündür ki, vəkillə görüşə, ailələrilə danışa bilmir. Onların səhhətindən çox narahatıq. Onlara yalnız bir partiyadan olan siyasi fəallar kimi baxmayın. Onlar şərlə mübarizənin ön səngərində dayanan, sinələrini bu xalq üçün sipər etmiş vətənpərvərlərdir. Onları müdafiə etmək, onlara azadlıq tələb etmək hamımızın borcudur,” o qeyd edib.
Fuad Qəhrəmanlının iyulun 14-dən 15-nə keçən gecə Qarabağa dəstək yürüşündə baş verənlərə (bir qrup şəxsin parlamentin binasına girişi, polis maşınının aşırılması) görə başlanmış cinayət işi üzrə istintaqa iyulun 23-də cəlb olunub, barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin (CM) 278-ci-ci maddəsi (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa yönəlik hərəkətlər) ilə də ittiham verilib.
Qəhrəmanlı həm də bir çox əqidə yoldaşları ilə birgə CM-nin 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə günahlandırılır.
Fuad Qəhrəmanlı buna qədər 2 dəfə uzunmüddətli həbsə məhkum edilib, bir neçə dəfə inzibati qaydada sutkalıq cəzalar alıb.
O, sonuncu dəfə uzunmüddətli həbsə 2015-ci ildə 6 nəfərin ölümü ilə nəticələnən Nardaran hadisələri ilə bağlı yazdığı statuslara görə məhkum edilmişdi. .
Qəhrəmanlı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham edilərək 10 il azadlıqdan məhrum edilmişdi.
2019-cu il martın 16-da əfv sərəncamı ilə azadlığa çıxan Fuad Qəhrəmanlı ittihamları qəbul etmirdi.
AXCP-nin məlumatına görə, Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərdə iştirak edən Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə AXCP-nin 45 nəfər fəalı həbs edilib.
“Onlardan 17 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 15 nəfər hazırda inzibati həbsdədir, 13 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb. AXCP-nin 10 üzvü isə öncədən siyasi məhbusdur. Beləliklə hazırda AXCP-nin 42 fəalı siyasi sifarişlə həbsədədir,” məlumatda qeyd edilir.