Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Qəhrəmanlı saxlanılıb.
Bu barədə AXCP-dən bildiriblər.
Partiyadan verilən məlumata görə, oktyabrın 31-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə F.Qəhrəmanlı 30 sutka inzibati həbsə məhkum edilib.
Məhkəmə F.Qəhrəmanlını İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsini pozmaqda təqsirli bilib.
Fuad Qəhrəmanlıdan əlavə AXCP funksioneri Aydın İsalı da 10 sutka inzibati həbs cəzası alıb.
Cavid İbrahimov isə Suraxanı Rayon Məhkəməsinin qərarıyla 30 sutka inzibati həbsə göndərilib.
“Beləliklə, son 20 gündə həbs olunan cəbhəçilərin sayı 33 nəfərə çatıb. Onların bir qisminin cəzası başa çatıb və azadlığa çıxıb” - deyə, AXCP-dən bildirilib.
Həbs olunan cəbhəçilərə qarşı əsasən, xırda xuliqanlıq, polisin qanuni tələbinə tabe olmama kimi ittihamlar irəli sürülüb.
Milli Şura noyabrın 2-nə aksiya təyin etmişdi. Bakı şəhər İcra Hakimiyyəti aksiyanı paytaxtdan 20 kilometr aralıda yerləşən Lökbatan qəsəbəsində keçirməyə icazə vermişdi. Milli Şura bununla razılaşmayaraq aksiyanı metronun "28 May" stansiyası önündəki meydanda keçirməyə qərar vermişdi.
Partiya üzvlərinin saxlanmasını bu aksiya ilə əlaqələndirir. Hökumət isə vətəndaşların əqidələrinə görə təzyiqlərə məruz qalmadığını bildirir.
Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və məhkəmədən münasibət almaq mümkün olmayıb.
Milli Şura noyabrın 2-nə təyin etdiyi mitinqini təxirə salıb.
Qurum Milli Şuranın sədrinin müraciətini müzakirə edərək belə qərar verib.
Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq Milli Şuranın noyabrın 2-nə təyin etdiyi mitinqlə bağlı açıqlama yayıb.
Açıqlamada qeyd olunub ki, Milli Şuranın mitinq müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti baxıb və onlara “Neftçi” idman klubunun Lökbatan qəsəbəsindəki təlim-idman bazası təklif edilib.
Habelə bildirilir ki, lakin təşkilatçılar həmin gün başqa yerdə razılaşdırılmamış aksiya keçirəcəkləri barədə məlumatlar paylaşıblar:
"Bütün bunlar bir daha göstərir ki,…radikal müxalif qüvvələr məhz qanunla qadağan olunan yerlərdə küçə yürüşləri, mitinqlər, piketlər keçirməyə çağırışlar etməklə insanları dövlət orqanlarının qanuni tələblərinə tabe olmamağa, qarşıdurma yaratmağa, faktiki olaraq zorakılıqlar törətməyə, asayişi və sabitliyi pozmağa təhrik edirlər”.
Qurumlar əlavə edib ki, istənilən qanunazidd əməllərinin qarşısı alınacaq.
Milli Şura rəhbərliyi isə bəyan edib ki, onlar zorakılığın, iğtişaşların əleyihinədirlər, dinc şəkildə Konstitusiya ilə onlara verilən sərbəst toplaşmaq azadlığından istifadə etmək niyyətindədirlər.
Milli Şura oktyabrın 19-da Bakıda etiraz aksiyası keçirməyə cəhdlər göstərib. Polis Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmayan aksiyanın qarşısını alıb, onlarla şəxs saxlanıb.
Bakı şəhər Baş Polis İdarəsi həmin aksiyada 60 nəfərin saxlandığını, onlardan 18 nəfərinin işinin məhkəməyə göndərildiyini bildirib.