İrma qasırğası Floridaya yaxınlaşdıqca ştat rəsmiləri milyonlarla insana evakuasiya üçün vaxtın azaldığını bildirir. Qasırğa indiyədək Karib adalarında azı 22 nəfərin ölümünə və faciəvi dağıntılara səbəb olub.
Florida 5.6 milyon insanı, yəni ştat əhalisinin dörddə birini bazar günü gözlənilən qasırğadan əvvəl ştatı təxliyyə etməyə çağırıb.
Floridanın qubernatoru Rik Skott İrmanı “ştatın indiyədək şahid olmadığı fəlakətli qasırğa” adlandırıb və tufan həcminin Florida ştatından daha böyük olduğunu bildirib.
Qasırğanın istiqaməti
Cümə günü sinoptiklər qasırğanın istiqamətini Florida ştatının qərbinə doğru dəyişdiyini bildirib. Bu isə o deməkdir ki, 6 milyon əhalisi olan Mayami qasırğanın birbaşa təsirinə məruz qalmayacaq.
Mayamidə yaşayan biznesmen Alp İnal deyib ki, insanlar şəhəri təxliyyə etdikləri üçün, şəhər boşalıb.
O, ailəsinin Bostona gedəcəyini deyib, çünki onlar təkcə oraya bilet tapa biliblər.
“Biz Nyu-York, Vaşinqton, Atlanta və Neşvilə bilet axtardıq, amma tapa bilmədik”, deyə İnal bildirib.
İrma qasırğası 5-ci kateqoriyalı qasırğa hesab olunur. Sinoptiklər Atlantik Okeanında qeydə alınan ən güclü qasırğa sayılan İrmanın Birləşmiş Ştatlara da eyni şiddətlə yaxınlaşağını ehtimal edir.
Hazırlıqlar
ABŞ Prezidenti Donald Tramp və onun kabinet üzvləri şənbə günü qasırğanı müzakirə etmək üçün bir araya gələcək.
“Bu qasırğa çox güclüdür, amma biz ən yüksək dərəcədə hazırlıq görmüşük. Ümid edirəm ki, hər şey yaxşı olacaq,” deyə Tramp müxbirlərə bildirib.
Ağ Evin Milli Təhlükəsizlik müşaviri Tom Bossert “Bu qasırğa artıq bir neçə can alıb. İlk öncə özünüzə yaxşı baxın ki, başqalarının qayğısına qala biləsiniz” deyib.
Ağ Evdə keçirilən brifinq zamanı Bossertə ən böyük narahatlığının nə olduğu barədə sual verilib. O isə Floridada baş verən böyük evakuasiya zamanı “yanacaq çatışmazlığının” yaranacağından qorxduqlarını” deyib və bu yaxınlara Harvi qasırğası nəticəsində 5-6 neft emalı zavodunun fəaliyyətini dayandırdığını qeyd edib.
Kariblərdə dağıntılar
Qasırğa artıq 160 kvadrat kilometrlik Barbuda adasına zərər yetirib. Antiqua və Barbudanın baş naziri Qaston Braun adanın artıq “dağıldığını” deyib.
Baş nazir Barbudadakı binaların 95 faizinin ya tamamilə dağıldığını ya da onlara böyük ziyan dəydiyini təxmin edir.
Ada ölkə isə indi artıq 4-cü kateqoriyalı Hose qasırğasına hazırlaşır.
İrma nəticəsində ABŞ ərazisi sayılan Puerto Rikoda bir milyondan çox insanın işıqları kəsilib və elektriyin bərpası altı ay vaxt ala bilər.
Avqust və sentyabr ayları ABŞ-da "hurricane" - yəni qasırğa mövsumu kimi tanınır. Bu aylarda Atlantik Okeanı mərkəzində başlanan burulğan formalı tufanlar qasırğaya çevrilərək şimala istiqamət alır.
Qasırğaların mərkəzi okean üzərində olarkən ən güclü effektə malik olur və sahilyanı əraziləri viran qoyur. Torpaq üzərinə keçdikcə, qasırğa küləkləri və leysan yağışları tədricən zəifləyir.