Freedom House: Azərbaycan azad olmayan ölkədir

Freedom House: Azərbaycan azad olmayan ölkədir

Freedom House hüquq müdafiə təşkilatı dünyanın 196 ölkəsində mətbuat azadlığının vəziyyətinə dair illik hesabatını açıqlayıb. Finlandiya, Norveç və İsveç mətbuatın ən çox azad olduğu ölkələr kimi tanınıb.

Freedom House hüquq müdafiə təşkilatı dünyanın 196 ölkəsində mətbuat azadlığının vəziyyətinə dair illik hesabatını açıqlayıb. Finlandiya, Norveç və İsveç mətbuatın ən çox azad olduğu ölkələr kimi tanınıb.

Turan Agentliyinin məlumatına görə, Azərbaycan söz və ifadə azadlığının, jurnalistlərin hüquqlarının müntəzəm və kobud şəkildə pozulduğu azad olmayan ölkə kimi tanınıb. Ölkə Qazaxıstan və Rusiyanı qabaqlayaraq 171-ci yeri tutub. Azərbaycan yalnız qismən azad ölkə kimi tanınmış Gürcüstandan (118) və qeyri-azad ölkə kimi tanınan Ermənistandan (146) deyil, həm də Tacikistan, Efiopiya, Sudan, Çad, Əfqanıstan, Qabon və digər bu kimi ölkələrdən geri qalır.
Şərqi Avropa və keçmiş SSRİ ölkələri sırasında Azərbaycan azad olmayan ölkə statusuna malik 29 ölkə arasında 24-cü yeri tutub. Ötən illə müqayisədə bu regionda irəliləyiş Moldova, Gürcüstan və Qırğızıstanda qeydə alınıb. “Azərbaycan, Rusiya və Qazaxıstan əvvəlkitək “ciddi narahatlıq” doğurur”, - deyə hesabatda vurğulanır.

Ümumilikdə, dünyada azad ölkələr 68 (35%) təşkil edib. 65 (33%) qismən azad ölkə, 63 (32%) azad olmayan ölkə kimi tanınıb. Ən ciddi mənfi tendensiya avtoritar rejimlərin yayıma nəzarət və onu məhdudlaşdırmaq vasitələridir. Repressiv hökumətlər informasiyanın yayılmasının yeni metod və imkanlarını nəzarətə götürmək üçün hər şey edirlər.
2005-2010-cu illərdə Cənubi və Mərkəzi Amerikada, keçmiş SSRİ ərazisində vəziyyətin pisləşməsi müşahidə olunub.

Xatırladaq ki, 2010-cu ilin hesabatında Freedom House Azərbaycandakı vəziyyəti aşağıdakı kimi dəyərləndirib: Prezident İlham Əliyev müxalifətə, müstəqil mətbuata və vətəndaş cəmiyyətinə təzyiqləri artırdıqca mətbuat azadlığının vəziyyəti pisləşir. Son illərin tendensiyası mətbuata təzyiqlərin artmasından, mətbuat azadlığını məhdudlaşdıran qanunvericiliyin sərtləşməsindən xəbər verir. Naxçıvan bölgəsində ağır vəziyyət yaranıb. Qərb radiostansiyalarının yerli dalğalarda yayımının dayandırılması əhalinin operativ və obyektiv informasiya əldə etməsini xeyli çətinləşdirib.
Ölkə mediasının əksəriyyətinə hakimiyyətə yaxın və ya onlarla əlaqəli şəxslər tərəfindən nəzarət olunur. İnternet nəzarət altındadır, provayderlər Rabitə Nazirliyindən asılıdır və ondan lisenziya almalıdır.