Yeni hesabatda Azərbaycanın fərqli düşüncəyə dözümsüz yanaşan, vətəndaş cəmiyyəti və siyasi hüquqlara əhəmiyyət verməyən avtoritar rejim tərəfindən idarə edildiyi bildirilib
Beynəlxalq “Freedom House” təşkilatı post-sovet ölkələrində demokratiya reytinqinə dair “Keçid dövründəki ölkələr -2013” adlı yeni hesabatını açıqlayıb.
“Freedom House” Avrasiyanın avtoritar rejimlərinin dəyişikliklərə güclü müqavimət göstərdiyini bildirib. 2012-ci ili əhatə edən hesabatda deyilir ki, keçən ilin hadisələri avtoritar rejimlərin korrupsiyanın genişlənməsi, mətbuata senzura, vətəndaş cəmiyyətinin əzilməsi və bəzi hallarda siyasi müxalifətə qarşı təqiblər sayəsində mümkün olmuşdur.
Avrasiya məkanənda ölkələrin reytinqi demokratik seçki prosesi, vətəndaş cəmiyyəti, media azadlığı və idarəçilik sahəsində vəziyyət, həmçinin ədliyyə sisteminin müstəqilliyi və korrupsiyasının səviyyəsi əsasında təyin edilir.
Keçmiş Sovet İttifaqının 12 ölkəsində demokratiyanın durumu 7 sahədə 1-dən 7-yə kimi reytinq üzrə müəyyən edilib. Bu ölkələrdən heç birində ən yüksək bal alan ölkə olmayıb. Yalnız Pribaltikanın üç respublikası-Estoniya, Latviya və Litva 1,96, 2,02 və 2,32 ballarını alıb.
Hesabatda Azərbaycanın fərqli düşüncəyə dözümsüz yanaşan, vətəndaş cəmiyyəti və siyasi hüquqlara əhəmiyyət verməyən avtoritar rejim tərəfindən idarə edildiyi bildirilib. Azərbaycanın demokratiya üzrə reytinqi 6,64 kimi göstərilib.
“Freedom House” hesabatında Avrasiya məkanında 12 ölkədən Azərbaycan, Tacikistan və Belarus da daxil olmaqla 5-də vətəndaş cəmiyyəti azadlığı göstəricilərinin düşdüyünü qeyd edib. Təşkilat bunu bu ölkələrdə hüquq-mühafizə və qeyri-məhkəmə yolları ilə düşmənlərə qarşı təqiblələr izah edib. Bu ölkələr reytinqləri əsasında formalaşmış avtoritar rejimlər sırasında göstərilir.