Azərbaycanda səfərdə olanda Fransa prezidenti insan haqlarından danışıb [Yenilənib]

İlham Əliyev və Fransua Oland

Fransa prezidenti Fransua Olland Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə ölkədəki insan haqlarının vəziyyətini də müzakirə etdiyini bildirib.

O, bunu prezidentlərin insan haqlarına toxunub-toxunmadıqları haqda suala cavabında jurnalistlərə özü deyib: «Biz həmişə bu barədə danışırıq».

Fransa prezidenti Bakıya aprelin 24-də axşam qısamüddətli səfərə gəlib, aprelin 25-də isə Parisə qayıdıb.

Səfər ərəfəsində «Sərhədsiz reportyorlar» François Hollande-dan İlham Əliyevi həbsdə olan jurnalistlər, hüquq müdafiəçiləri və fəalları azad etməyə, onların təqibinə son qoymağa çağırmağı istəmişdi.

--------------

Fransa prezidenti Fransua Olland aprelin 24-də Azərbaycana işgüzar səfərə gəlib.

Aprelin 25-də prezident İlham Əliyevlə Fransa prezidenti arasında təkbətək görüş keçirilib.

İlham Əliyev və Fransua Oland

Dövlət başçıları ikitərəfli münasibətlərin hazırki vəziyyətindən məmnunluq ifadə ediblər. Xəbəri Azərbaycan prezidentinin saytı yayıb.

Əlaqələrin dinamik inkişaf etdiyi bildirilib. Son illərdə dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin daha da inkişafına təkan verdiyi vurğulanıb. Tərəflərin əlaqələrin daha da genişlənməsində maraqlı olduğu bildirilib və bunun üçün böyük imkanların mövcudluğu qeyd edilib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların son vəziyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev Fransa prezidentinin münaqişənin həlli istiqamətində göstərdiyi fəallıqdan məmnunluğunu ifadə edib.

İlham Əliyev və Fransua Oland

Görüşdə regional, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Danışıqlardan sonra Azərbaycan və Fransanın təhsil nazirlikləri arasında Azərbaycan Fransız Universitetinin yaradılması haqqında niyyət protokolu imzalanıb.