Mayın 7-si Fransada prezident seçkilərinin ikinci turu keçiriləcək. Seçkilərin birinci turu onu göstərdi ki, ənənəvi siyasətdən yorulmuş fransızlar mövcud siyasi istableşmenti dəyişdirmək niyyətindədirlər. Seçkilərin ikinci turuna çıxmış namizədlərin hər ikisi istablişmentdən kənar olsalar da, siyasi baxışlarında kəskin fərqlər mövcuddur.
Seçkilərin birinci turunda 24 faiz səs toplayaraq, digər on namizədi arxada qoyan mərkəzçi Emmanuel Makron Fransanın növbəti prezidenti olacağı ehtimal edilir. Amma, müşahidəçilər dəqiq proqnozlar verməkdən çəkinirlər. Belə ki, Makron Fransa siyasətinin yeni siması olmasına baxmayaraq, bəzi seçicilər onu elitanın, böyük bankların və lobbi qruplarının təmsilçisi hesab edirlər.
Seçkilərin ikinci turunda Makronun rəqibi olacaq ultra-konservativ Marin Le Pen ölkənin Avropa Birliyindən çıxmasını istəyən və milliyətçi gündəliyə sahib olan siyasətçidir. O, seçkilərin ilk mərhələsində 21.3 faiz toplayıb. Le Pen Milli Cəbhə partiyasında ciddi dəyişikliklər etmiş, atasından qalan kəskin irqçi və anti-mühacir ritorikadan imtina edərək, partiyanı qapılarını geniş kütləyə açmışdır.
Ekspertlər hesab edirlər ki, Le Pen seçkilərin ikinci turunda məğlub olduğu halda belə, onun Fransa siyasətinə təsiri davam etməkdə olacaq.