Fransa məhkəməsi Əliyev hökumətinin iddiasını rədd etdi

France 2 telekanalı

Fransa məhkəməsi Azərbaycan dövlətinin France-2 telekanalının ölkədəki rejimi "diktatura" adlandıran iki jurnalistinə - Elise Lucet və Laurent Richarda qarşı iddiasına mahiyyəti üzrə baxmaqdan imtina edib.

İddia verilməsinə səbəb 2015-ci il sentyabrın 7-də efirə çıxan Fransanın eks-prezidenti Fransua Ollandın Azərbaycana səfərlərinin pərdəarxası məramı, Fransa siyasətçilərinin Azərbaycan və Qazaxıstan hakimiyyətləri ilə əlaqələri haqqında veriliş olub.

Hər hansı bir başqa qərar dünya boyu despotların Fransaya gəlib burada fransız jurnalistləri təqib etməsinə qapı açardı.

Verilişdə Azərbaycan hakimiyyəti "dünyanın ən sərt diktaturalarından biri" kimi təqdim edilib. Sentyabrda iddia üzrə hazırlıq iclası keçirilib.

Çərşənbə axşamı Paris məhkəməsi iddianın qəbuledilməz olduğuna hökm verib.

Parisdə qərargahlanan Sərhədsiz Reportyorlar (RSF) təşkilatı paytaxt civarında yerləşən Nanterre dairə məhkəməsinin Azərbaycan hökumətinin iddiasını, Elise Lucet və Laurent Richarda qarşı diffamasiya ittihamlarını rədd etməsini alqışlayıb.

"Biz çox şadıq ki, Azərbaycan hökumətinin senzuranı Fransaya ixrac etməsi səyi iflasa uğrayıb," RSF nümayəndəsi Johann Birr bəyan edib. “Hər hansı bir başqa qərar dünya boyu despotların Fransaya gəlib burada fransız jurnalistləri təqib etməsinə qapı açardı.”

Elise Lucet (sağda) və Laurent Richard məhkəmədə müxbirlərin suallarını cavablandırırlar. 5 sentyabr, Nanterre, Paris civarı, Fransa.

Bu ilk dəfə idi ki, xarici hökumət Fransa məhkəməsində diffamasiya üzrə iddia qaldırmışdı.

Sərhədsiz Reportyorlar təşkilatı 5 sentyabrda məhkəmədə verdiyi ifadədə özünün iki jurnalistini müdafiə etmiş və Azərbaycandakı həmkarlarının təqib olunduğunu bəyan etmişdi.

Təşkilatın 2017-ci il Dünyada Mətbuat Azadlığı üzrə indeksində Azərbaycan 180 ölkə arasında 162-ci yer tutur.