Fransanın Bordo şəhəri yaxınlığında əksəriyyəti kiçik bir kənddən təqaüdçü olmaqla təxminən 42 nəfərin avtomobil qəzasında həlak olduğu deyilir. Bu hadisə ölkədə 30 il ərzində ən dəhşətli yol hadisəsi adlandırılır.
Rəsmilərin sözlərinə görə Puisequin kəndi yaxınlığındakı yolda bir maşın insanla dolu avtobusa çırpıldıqdan sonra hər iki maşın alovlanıb.
Onlarla təcili yardım işçisi yaralıları xəstəxanaya çatdırıb. Səkkiz nəfərin alovdan xilas ola bildiyi deyilir.
Rəsmilər onların sürücünün avtobusun qapısını açmağa macal tapdığına görə xilas ola bildiyini deyib.
Yunanıstana səfər edən Prezident Fransua Olland hadisə ilə əlaqədar şərh verib. O deyib ki, hökumət dəhşətli faciəni təhqiq etmək üçün tam fəaliyyətə keçib.
Lakin prezident Yunanıstana səfərini yarımçıq qoyaraq Fransaya dönəcəyini bildirməyib.