Fransada milyonlarla şagird məktəbə qayıdıb

Fransada son zamanlar virusa yoluxma hallarının artmasına baxmayaraq, milyonlarla uşaq bərabərsizliyin aradan qaldırılması və iqtisadiyyatın dirçəldilməsini hədəfləyən ümummilli bir təcrübə olaraq, yeni təhlükəsizlik qaydaları ilə çərşənbə axşamı yenidən məktəbə qayıdıb.

Fransa prezidenti Emanuel Makron sosial media səhifələrin vasitəsilə insanları maska taxmağa çağırıb. Fransanın 12 milyondan çox məktəblisinə aid edilən İnstagram videosunda Makron "virus hələ də var və özünüzü qorumalısınız" deyərək, maska taxıb.

Twitter səhifəsində isə Makron bunları yazıb: “Bu yeni tədris ilinin çətinlikləri çoxdur, amma nəhayət hamımız bir yerdəyik! Gəlin son aylarda olduğu kimi eyni məsuliyyəti göstərək. Xoş gəlmisiniz!”

11 yaşdan yuxarı bütün şagirdlər, müəllimlər və işçilərdən fasilələr və musiqi dərsləri daxil olmaqla, məktəbdə olan müddətdə maska taxmaq tələb olunur. Əl yumaq, sosial məsafəni qorumaq və oyun vaxtları üçün yeni qaydalar bu tələblərin bir hissəsidir.

Həm müəllimlər, həm də valideynlər yeni tənzimləmələrdən və onların qarşıdakı tədris ilinə təsirlərindən narahat olduqlarını dilə gətirsələr də, ümumiyyətlə təhlükəsizlik qaydaları dəstəkləyib.

Çərşənbə axşamından etibarən bütün Fransa boyu iş yerlərində maska taxmaq məcburi olub. Belə ki, yoluxmaları nəzarət altında saxlamağa çalışan hökumət valideynləri də işlərinə qayıtmağa təşviq edir.

Fransada bazar ertəsi son günlərə nisbətən daha az, 3082 koronavirusa yeni yoluxma halı qeydə alındığı bildirilib. Lakin bu rəqəm yenə də onun Avropa qonşularına nisbətən daha yüksəkdir. Fransada bu günə qədər koronavirusdan 30 min 600-dən çox ölüm qeydə alınıb.