Eduard Filipp Fransanın baş naziri təyin edilib

Fransanın yeni prezidenti Emmanuel Makron Respublikaçılar Partiyasının üzvü olmuş, sağ mərkəzçi Eduard Filippi baş nazir təyin edib. Bununla bağlı qərar mayın 15-də açıqlanıb.

46 yaşlı Filipp hüquqşünasdır, bunadək Le Havre şəhərinin meri olub.

Filipp və Makronun iqtisadi və sosial mövzularda eyni mövqeni müdafiə etdikləri bildirilir.

Yeni prezident Fransa siyasətində onilliklərdir ki, davam edən sağçılar və solçular bölgüsünə son qoyacağını vəd edib.

Makron Almaniyaya səfər edib. Onun Almaniya kansleri Angela Merkelə Avropa İttifaqında ciddi islahatlar aparılmasını təklif edəcəyi gözlənilir.

Fransanın dövlət başçısı işsizliyin aradan qaldırılması üçün ölkəsində iqtisadi islahatlar aparacağına söz verib.