Fransa, Almaniya və İspaniya liderləri "Germanwings" hava yollarına məxsus aerobusun Fransanın cənubunda Alp dağlarında qəzaya uğradığı yerin yaxınlığına gəlib.
Almaniya kansleri Anqela Merkel, Fransa prezidenti Fransua Holland və İspaniyanın baş naziri Mariano Racoy təyyarənin qəzaya uğradığı yerin yaxınlığındakı Seyne-les-Alpes qəsəbəsində xilasetmə işçiləri ilə söhbət edib. Kiçik qəsəbə Barselonadan Düsseldorfa uçan təyyarənin qəzaya uğradığı qış kurortunun yaxınlığında yerləşir.
Airbus A320 təyyarəsinin qəzaya uğradığı yerdə isə axtarışlar davam edir. Qəza nəticəsində təyyarənin ekipaj üzvləri də daxil olmaqla 150 sərnişinin hamısının həlak olduğu bildirilir.
Fransanın daxili işlər nazirliyindən bildirilib ki, təyyarənin qara qutu aşkar edilib və qutu qəzanın səbəblərinin araşdırılması üçün Parisə göndərilib.
Təyyarə çərşənbə axşamı İspaniyanın Barselona şəhərindən Almaniyanın Dusseldorf şəhərinə uçduğu zaman heç bir həyəcan siqnalı göndərmədən qəzaya uğrayıb. Sərnişinlərin çoxu İspaniya və Almaniya vətəndaşları, həmçinin bir neçə Türkiyə, Hollandiya və Australia vətəndaşıdır.
Almaniyanın Luftansa hava yolları şirkətinin filiallarından biri olan "Germanwings" şirkətinin rəhbərliyi bildirib ki, onlar qəzanın səbəblərini terrorizmlə əlaqəsi olmadığını və bunun qəza hadisəsi olduğunu hesab edir.
"Germanwings" şirkəti açıqladığı bəyanatda çərşənbə gününə olan uçuşların təxirə salındığını bildirilir. Hava yolları şirkəti həmçinin qəzanı şok kimi qəbul etdiyini və dərin təəssüf hissi keçiridyini bildirib. "Germanwings" hərtərəfli istintaq aparılacağına söz verib.