Fransada polisin tərəfindən Paris ətrafında etirazlara səbəb olan atəş açıldığı haqda xəbərlərin verilməsindən bir həftə keçir. Hadisə qurbanı Şimali Afrika mənşəli idi. Güllə atan məmur yeniyetmənin maşını ilə kimisə vuracağından qorxduğunu desə də, fəallar qurbanın qətlinə onun etnik mənsubiyyətinin səbəb olduğunu deyir.
Polis və müstəntiqlər qəsəbə merinin Paris ətrafındakı evindən yanmış avtomobilin çıxarıldığına baxır. Mer hücum zamanı həyat yoldaşı və uşaqlarından birinin yaralandığını bildirib. Associated Press agentliyinin xəbər verdiyinə görə, Fransa polisi bazar günü səhərə qədər davam edən etirazlarla əlaqədar 700-dən çox insanı həbs edib.
Həbslər və dağıntılar Fransada keçən həftə Paris ətrafındakı Nanter şəhərində polis tərəfindən maşını saxlanılaraq, bir yeniyetmənin güllələnməsindən sonra baş verən qarşıdurmalardan sonra başlayıb. Nahel M. kimi tanınan yeniyetmə Əlcəzair əsilli idi və fəallar onun etnik mənsubiyyətinə görə öldürüldüyünü deyir. Bu, hadisə Fransada polisin etnik və irqi qərəzliliyi ilə bağlı uzun müddətdir davam edən müzakirələri yenidən alovlandırıb. "SOS Racisme" hərəkatının üzvü Treysi Ladji: "Bunlar siz kökləriniz əcnəbi olan fransız olduğunuz halda baş verir. Fransada doğulsaq belə, biz fransız hesab edilmirik və onlar yalnız dərimizin rənginə baxırlar. Siz heç bir səbəb olmadan kimisə öldürə bilməzsiniz. Buna son qoyulmalıdır."
Yeniyetmənin ölümündən sonra əllərində "Nahel üçün ədalət" yazılmış plakatlar daşıyan insanlar küçələrə çıxdı və nümayişlər Fransa boyu sürətlə yayılmağa başladı.
Yeniyetməni güllələdiyi iddia edilən zabit adam öldürmə maddəsi ilə ittiham edilib və hələ də həbsdədir.
Rəsmilər iğtişaşçılara on minlərlə polis və təhlükəsizlik işçisi cəlb etməklə cavab verib. Fransa Daxili İşlər Nazirliyi çox sayda polis zabitinin hücuma məruz qaldığını, minlərlə insanın həbs edildiyini, min üç yüzdən çox avtomobilin yandırıldığını və binalarda yüzlərlə yanğının baş verdiyini bildirib. Fransa prezidenti Emmanuel Makron: "Son günlərin hadisələrində internet platformaları və sosial şəbəkələr mühüm rol oynayır. Snapchat, TikTok və bir sıra digər platformalarda həm zorakı xarakterli toplantıların təşkil edildiyini, həm də zorakılığın bir növ təqlid edildiyini gördük. Bu, yeniyetmələr arasında bir növ reallıqdan uzaqlaşmağa səbəb olur. Bizdə bəzən belə bir təəssürat yaranır ki, onlardan bəziləri onları məs edən video oyunlardakı küçələrdə yaşayır".
Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Bürosu bəyanat yayaraq bildirib ki, "Bu, (Fransa) hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyin vaxtının çatdığını göstərir".
Həbslər və zorakılıqların azalmasından sonra Fransada nəyin baş verəcəyi bəlli deyil.
Nahelin dəfn mərasimi keçən şənbə günü olub.