İyulun 6-da Əfqanıstanın hava məkanında qəzaya uğramış Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus İL-76 yük təyyarəsinin “qara qutu”su tapılıb. Bu barədə “Silk Way” aviaşirkətin direktorunun müşaviri Adil Qasımov Amerikanın Səsi radiosuna bildirib.
Onun sözlərinə görə, “qara qutu” Əfqanıstan tərəfindədir. “Əfqanıstan Nəqliyyat Nazirliyi təyyarənin “qara qutu”sunun tapılması barədə sübutları Azərbaycanın qəzanı tədqiq edən komissiyasının Əfqanıstanda olan üzvlərinə təqdim edib. Azərbaycan ekspertləri “qara qutu”nun həqiqətən Azərbaycanın İL-76 təyyarəsinə məxsus olduğunu təsdiq ediblər”.
Cənab Qasımov deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyi və Azərbaycan Dövlət Aviasiya Adminstrasiyası “qara qutu”nun daha obyektiv və ətraflı tədqiq edilməsi üçün İKAO-nun Moskvada yerləşən Beynəlxalq Aviasiya Komitəsinə göndərilməsi üçün Əfqanıstan tərəfinə nota təqdim edib. “Həmçinin Azərbaycan Əfqanıstandan təyyarənin heyət üzvlərinin cəsədinin hadisə yerindən götürülməsi və ya onların taleyi ilə bağlı məlumat verilməsini tələb edib. Əfqan tərəfi təyyarənin heyət üzvlərinin taleyi ilə bağlı yaxın günlərdə məlumat verəcəyinə söz verib”, - “Silk Way” aviaşirkətin direktorunun müşaviri qeyd edib.
Xatırladaq ki, Əfqanıstanın hava məkanı idarəetmə xidmətinin məlumatına görə, iyulun 6-da gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Bəhram hava limanı yaxınlığında enməyə hazırlaşan Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus İL-76 4K-AZ 55 təyyarəsi ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntü itib. Kabil hava limanının qülləsində gəminin uçuşunu idarə edən dispetçer hava limanından təxminən 25 kilometr uzaqlıqda, 4 kilometr hündürlükdə havada partlayış gördüyünü bildirib. Təyyarədə 9 nəfər heyət (5 nəfər Azərbaycan, 4 nəfər Özbəkistan vətəndaşı) olub.
Bakı-Bəhram marşrutu ilə uçuşu yerinə yetirən təyyarə iyulun 5-də yerli vaxtla saat 21:26-da Bakı Beynəlxalq Aeroportundan göyərtəsində 18 ton yüklə havaya qalxıb. Bəhrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmamışdır.
Yükgötürmə imkanı 40 ton olan İL-76 4K-AZ 55 təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevralında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib.