Şərqi Azərbaycan vilayətində 40 vətəndaş dəm qazından zəhərlənərək həyatını itirib.
Vilayətin tibbi ekspertiza idarəsinin direktoru Əli Səfayifərd rəsmi dövlət agentliyi İRNA-ya verdiyi müsahibədə son 10 ay ərzində vilayətdə 40 vətəndaşın dəm qazından zəhərlənib həyatını itirdiyini və onlardan 12-nin qadın olduğunu bildirib.
Səfayifərd sadəcə keçən il dekabrın 22-dən bu il yanvarın 20-dək ola müddətdə 18 nəfərin dəm qazından zəhərlənərək öldüyünü qeyd edib.
Dəm qazından zəhərlənmə halları standarta uyğun olmayan qızdırıcı cihazlardan istifadə etmək nəticəsində baş verir. İranda qaz sobalarından geniş şəkildə istifadə edilir. Bu cihazlar isə yanğınlar və qaz sızdırmalar baxımından daha təhlükəli hesab olunur. Tüstü çıxarıcı borularının nasaz vəziyyətdə olması və ya sobada və borularda çatların və nasazlıqların olması durumunda zəhərlənmə halları baş verə bilər.
İranda ümumilikdə soyuq mövsümlərdə dəm qazından zəhərlənmə halları ilə əlaqədar xəbərlər tez-tez yayılır. İSNA xəbər agentliyi Tibbi Ekspertiza İdarəsindən əldə etdiyi statistikaya istinadən ötən ilinin birinci yarısında dəm qazından zəhərlənmə səbəbilə 184 ölümün qeydə alındığını yazıb. Bu rəqəmin ondan öncəki ilin eyni dövründə 254 nəfər olduğu bildirilib. Tehran vilayəti dəm qazından zəhərlənmə hallarından həyatını itirən vətəndaşların sayına görə birinci yerdə gəlir.