Bakıda Avropa İttifaqı-Azərbaycan biznes forumu keçirilir

Bakıda Avropa İttifaqı-Azərbaycan biznes forumu keçirilir

Bakıda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkil etdiyi biznes forumu keçirilir.

Tədbiri giriş sözü ilə iqtisadiyyat naziri Şahin Mustafayev açıq elan edib. Nazir bildirib ki, bu biznes-foruma böyük maraq var: "Məndə olan məlumata görə, tədbirə 400 iş adamı qatılıb. Bunun 100-ü Aİ ölkələrindən, 300-ü isə Azərbaycandandır".

"Forumun keçirilməsində məqsəd biznes əlaqələrin güclənməsidir. Aİ ilə münasibətlərin inkişafı prioritetlərimizdəndir", deyə o bildirib.

Bakıda Avropa İttifaqı-Azərbaycan biznes forumu keçirilir

Nazir xatırladıb ki, Aİ Azərbaycanın əsas ticari tərəfdaşıdır. "Ötən il Avropa İttifaqının Azərbaycanın xarici ticarət dövriyyəsində payı 35% təşkil edib. 2017-ci ilin yanvar-aprel ayları ərzində isə bu göstərici 38%-ə yüksəlib", - deyə nazir qeyd edib. Ş.Mustafayev əlavə edib ki, son 10 ildə Azərbaycanda əsas kapitala yatırılan vəsaitin 46%-i və ya 20 mlrd dolları Avropa İttifaqının payına düşür. Qeyri-neft sektoruna isə 3 mlrd dollar vəsait yönəldib.

Nazir deyib ki, prezident biznes strukturlarda yoxlamaların çoxunu dayandırıb. Son 19 ayda cəmi 89 yoxlama aparılıb. Əvvəlki 19 ayda bunların sayı 100 mini keçib.

Nazir deyib ki, ilin əvvəlindən manat möhkəmlənir və hazırda öz yerini tutub.

O deyib ki, Azərbaycan iqtisadi cəhətdən sabitdir.

"Xarici borc ÜDM-in 18%-i təşkil edir. Valyuta ehtiyatları xarici borcdan 3 dəfə çoxdur", deyə o bildirib.

Ş.Mustafayev deyib ki, bir neçə səbəbdən Azərbaycana investisiya qoymaq olar: siyasi sabitlik, təhlükəsizlik, iqtisadi potensial, yaxşı infrastruktur.

Bakıda Avropa İttifaqı-Azərbaycan biznes forumu keçirilir

Avropa Komissiyasının Qonşuluq siyasəti və genişlənmə ilə bağlı danışıqlar üzrə Baş Direktoratlığının "Şərq tərəfdaşlığı" departamentinin direktoru Lourens Meredit qeyd edib ki, Azərbaycanda Aİ ölkələrindən 300 şirkət çalışır.

"Kənd təsərrüfatının böyük potensialı var və bu ildən regionlarda proqramlar həyata keçirəcəyik", deyə o bildirib.

Aİ təmsilçisi deyib ki, ölkənin böyük tranzit potensialı da var.

Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib ki, Aİ Azərbaycanla qeyri-neft sektoru sahədə vacib tərəfdaş olmaq istəyir. Bununla əlaqədar ölkədə bu istiqamətdə islahatların aparılmasına köməklik etməyi planlaşdırır.

"Viza rejiminin sadələşdirilməsi, elektron vizanın tətbiqi münasibətlərin inkişafına kömək edəcək", deyə o bildirib.

Biznes strukturlarda yoxlamalarla bağlı o deyib ki, müddətin uzadılacağına ümid edir.

Sonra panellərdə müzakirələr davam edib.