ABŞ-ın onlarla şəhərində etirazlar davam edir

Corc Floydun ölümünə etiraz olaraq ABŞ-ın onlarla şəhərində etirazlar davam edir. Bir sıra ştatlarda kommendant saatı tətbiq edilsə də, zorakılıqlar və talançılıq şənbə gecə daha çox müşahidə edilib.

Minnesota ştatının qubernatoru şənbə günü Minneapolis və Sent Pol şəhərlərində talan, yanğın və digər zorakılıq aktları ilə məşğul olan bir qrup etirazçıya müqavimət göstərmək məqsədilə Milli Qvardiyanın tam səfərbər olunmasına çağırıb.

Minneapolis və yaxınlığındakı Sent Pol şəhərlərində şənbə günü artıq dördüncü gündür zorakılıqlar davam edir. Etirazçılar qaradərili Corc Floydun ağdərili polis tərəfindən öldürülməsinə etiraz edir. Polis dizi ilə Floydun boynunu sıxaraq onu boğub. Floyd isə həmin anlarda bir neçə dəfə “nəfəs ala bilmirəm” deyib.

Hadisələri işıqlanıdrmaq məqsədi ilə zorakılıqların baş verdiyi yerlərə gedən müxbirlərin bəziləri xəsarət alıb.

Minniapolisdə frilens fotoqrafçı gözündən aldığı zərbəyə görə daimi kor qaldığını yazıb. Los Angeles Times-ın müxbiri rezin güllələrə tuş gəldiyini və polisin fərqinə varmadan jurnalistlərə qarşı gözyaşardıcı qazdan istifadə etdiyini bildirib.

Minneapolis polisi CNN jurnalistləri də daxil edilməklə, bir neçə müxbiri həbs edib.

Şənbə günü Ağ Ev yaxınlığında Fox News müxbiri və onun çəkiliş heyəti nümayişçilər tərəfindən zorakılığa məruz qalıb

The Indianapolis Star-ın verdiyi məlumata görə, şənbə günü gecə bir şəxs güllə ilə vurularaq öldürülüb. Şəhər polis idarəsi bir nçə atışma barədə istintaq aparıldığını, lakin polis işçilərinin heç kimə atəş açmadığını bildirib.